Sayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi abonentlərdə suallar yaradıb.
SÜLH.İNFO.az xəbər verir ki, hər il mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğaclarının son göstəriciləri "Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən növbəti ilin yanvar ayının 10-dək sıfırlanır.
Bu isə elə bir mənzərə yaradır ki, yanvar ayının 10-dək olan müddətdə sərf olunan qaz öncəki ilin dekabr ayının sərfiyyatına əlavə olunur və illik limiti keçərsə, onda vətəndaş ödənişi daha baha olan qaz tarifi ilə ödəməlidir.
Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi işçi heyətinin bu prosesi fiziki olaraq çatdırmaması ilə bağlıdır.
Eldəniz Vəliyev sayğacların sıfırlanmasının əlavə heç bir ödənişə səbəb olmadığını bildirib. Onun sözlərinə görə, sayğacların illik qaz limiti sıfırlandığı gündən hesablanır. Yəni hər bir abonent bu ilin yanvarın 10-dan növbəti ilin yanvar ayının 10-dək keçən bir il müddətində qoyulmuş limitdən istifadə edir.
"Azəriqaz" rəsmisi limitlərin yeni ilin ilk günü avtomatik silinməsi üçün işlər aparıldığını da vurğulayıb. Bunun üçün sayğaclara müasir avadanlıqlar quraşdırılacaq.
Sıfırlanma prosesində problem yaşayan abonentlər 077-310-41-04 Vatsap nömrəsinə sayğacın üz qabığını çəkib ata bilərlər.
Qeyd edək ki, 16 oktyabr 2021-ci il tarixdə Tarif Şurasının verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 12 qəpik təşkil edir. 1200-2500 m3-dək 20 qəpik və 2500 m3-dən çox qaz sərf edənlər üçün isə tarif 25 qəpikdir.
<iframe width="650" height="415" src="https://www.youtube.com/embed/USyTKv63Gy8" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>