Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
SÜLH.İNFO.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə bu gün keçirilən prosesdə keçmiş xarici işlər naziri, Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov şahid qismində ifadə verib.
Bu barədə Eldar Həsənovun hüquqlarını müdafiə edən vəkil Valeh Mehralıyev məlumat verib.
Qeyd edək ki, E.Həsənova qarşı ittihamlardan biri səfir olduğu ölkələrdə səfirlik üçün bina alınarkən qiymətin artıq göstərilməsi və bu yolla milyonlarla büdcə vəsaitinin mənimsənilməsi ilə bağlıdır.
V.Sadıqov nazir müavini olduğu dövrdə həm də xarici ölkələrdə səfirlik binalarının alınması üçün Nazirlər Kabinetinin qərarıyla yaradılmış komissiyaya sədrlik edib. Alənması üçün təklif olunan binalara bu komissiya baxış keçirib, rəy verib. V.Sadıqov öz ifadəsində bildirib ki, rəhbərlik etdiyi komissiya səfirlik üçün uyğun hesab olunan binalara baxır, qiymətlərlə maraqlanır, əmlak sahibləri ilə danışıqlar aparırdı: "6-7 binaya baxıb birini seçirdik, sonra Xarici İşlər Nazirliyinə təqdim edirdik. Nazirlik də həmin binanı Nazirlər Kabinetinə təqdim edirdi. Nazirlər Kabineti qərar verəndən sonra Maliyyə Nazirliyi pul ayırırdı".
Səfirin sözlərinə görə, Eldar Həsənovun səfir olduğu Serbiyada da bina eyni qaydada alınıb. Danışıqları ev sahibinin özüylə apardıqlarını deyən diplomat vurğulayıb ki, o zaman səfir olan E.Həsənov nə bina seçiminə, nə də qiymət məsələsinə qarışıb: "Eldar Həsənovun bizə nəyisə təqdim etməyə, təyinata ixtiyarı yox idi. O, göstəriş verə bilməzdi ki, biz kimi isə işə götürək, yaxud da kimi isə çıxaraq. Alınması nəzərdə tutulan binaların qiymətlərini Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi araşdırırdı. Qiymətlər real olanda razılıq verilirdi. Bazar qiyməti ilə 50-100 min arası fərq ola bilərdi. Bina seçiləndən, pulu ödəniləndən sonra səfirliyə təqdim olunurdu".
Nazir müavini təyin edilməmişdən öncə Avstriyada səfir işləmiş V.Sadıqov əlavə edib ki, Vyanadakı səfirlik binası da eyni üsulla alınmışdı.
Sabiq səfirlə bağlı cinayət işində ən çox adı hallandırılan mərhum memar Eldar Hüseynovla bağlı sualları cavablandıran V.Sadıqov təsdiqləyib ki, Eldar Hüseynovu prosesə XİN təhkim etmişdi: “Səfirlik onun fəaliyyətinə qarışmırdı. O, Serbiyaya orada salınan "Taşmaydan" parkında mərhum prezident Heydər Əliyevin heykəlini quraşdırmaq üçün göndərilmişdi. Bu şəxsi Prezident Administrasiyası təsdiqləyib göndərmişdi. O humanitar layihəyə də səfirlik yox, o, cavabdeh idi. "Taşmaydan" parkında Eldar Hüseynova emalatxana kimi bir yer ayrılmışdı. Əgər Administrasiya Eldar Hüseynovu təsdiqləməsəydi, Eldar Həsənov özü onu nə qədər dəvət eləsəydi belə, onu ora heç kim buraxa bilməzdi".
Məhkəmə prosesi sonra daha bir şahid ifadəsi ilə davam etdirilib. Vəkillərin E.Həsənovun səhhəti ilə bağlı vəsatətləri təmin edilməyib.
Məhkəmənin növbəti iclası dekabrın 27-də saat 10:00-a təyin edilib.