​İlkin Süleymanovun məhkəməsi təxirə salındı

​İlkin Süleymanovun məhkəməsi təxirə
19:40 22.12.2021
308 Hadisə
A- A+
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə bu gün keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesi təxirə salınıb.
 
SÜLH.İNFO.az  xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesi təxirə salınıb.
 
Buna səbəb kimi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən digər prosesin gec saatlarında başa çatması göstərilib.
 
Qeyd edək ki, bu gün N.Quliyevanın əmisi Lətif Quliyevin və daha bir nəfərin şahid qismində ifadəsi olmalı idi.
 
Məhkəmə prosesi 2022-ci il yanvarın 12-nə təxirə salınıb.
 
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
 
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.