"Gürcüstan qonşu ölkələrlə münasibətlərə böyük önəm verir".
SÜLH.İNFO.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin xaricdəki səfirlərinin iştirakı ilə keçirilən videokonfransda deyib.
Onun sözlərinə görə, bölgədə balanslaşdırılmış siyasətin aparılması Gürcüstanın sabitliyi və təhlükəsizliyi üçün olduqca vacibdir: “Mənim Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla çox yaxşı, birbaşa dostluq münasibətlərim var. Bu il iki dəfə Azərbaycana, iki dəfə də Ermənistana səfər etmişəm. Hər iki ölkənin liderləri ilə çoxsaylı, həmçinin telefonla əlaqələrim olub. Türkiyəyə də həmçinin çox uğurlu səfərim baş tutub”.
İ.Qaribaşvili Tbilisinin Azərbaycan və Ermənistana təklif etdiyi Cənubi Qafqazda qeyri-formal regional dialoq platformasına da toxunub: “Bu ilin yayında strateji tərəfdaşlarımızla sıx əməkdaşlıq sayəsində və mənim vasitəçiliyimlə Azərbaycanla Ermənistan arasında humanitar razılaşma əldə edildi. Hesab edirəm ki, çox vacib razılaşmaya nail olundu, bölgədə çox maraqlı və önəmli presedent yarandı. Gürcüstan regionda dayanıqlı sülh və sabitliyin qurulmasında mühüm rol oynaya bilər”.