Birinci Qarabağ müharibəsində döyüşən erməni hərbçinin işğal olunmuş Azərbaycan əraziləri bağlı etiraflarının yer aldığı video sosial şəbəkələrdə yayılıb.
SÜLH.İNFO.az xəbər verir ki, Ermənistanın “Lratvakan” radionun efirində çıxış edən erməni hərbçi Laçın və Kəlbəcəri dağıtdıqlarını etiraf edir:
“Biz Laçını, Kəlbəcəri “azad etdik”, amma hər şeyi yandırdıq, dağıtdıq. Buna görə bizim indi iqtisadiyyatımız yoxdur. Təsəvvür edin, əgər bütün “azad olunmuş” ərazilərdə iqtisadiyyat olsaydı, nələr olardı. Ağdam 5 Xankəndi ərazisinə bərabərdir. Ağdam bütün iqtisadiyyatı ilə Ermənistana xidmət edərdi.
Fransa ermənisi Armenak Abramyanla mən Kəlbəcərdə ev-ev gəzirdik ki, ərazini yandırmasınlar. Onlara deyirdik ki, “bu bizim evlərimizdir, ölkəmizdir yandırmayın”. Amma onlardan elələri var idi ki, sanki yandırmaq, dağıtmaq üçün təlimat almışdılar. O zaman İrəvanda aclıq idi, qaz da yox idi. Kəlbəcərdə isə kiçik və böyük qaz balonları var idi və onları partladırdılar. Heç olmasa fikirləşərdilər lazımi şeyləri çıxarardılar”.