​Xanım QHT rəhbərlərindən Valeri Pekresin Qarabağa qanunsuz səfərilə bağlı bəyanat

​Xanım QHT rəhbərlərindən Valeri Pekresin Qarabağa qanunsuz səfərilə bağlı
20:40 24.12.2021
350 Siyasət
A- A+

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının xanım rəhbərləri Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: 

Fransa prezidentliyinə namizəd, hazırda İl-de-Frans şəhər şurasının sədri, Respublikaçılar Partiyasının nümayəndəsi Valeri Pekres bu günlərdə gizli şəkildə Qarabağa qanunsuz səfər edib. Bu, Fransa nümayəndələrinin Azərbaycan ərazisinə ilk qanunsuz səfəri deyil. Lakin 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı dövrdə azad edilən torpaqlarda minaya düşərək həlak olan şəhid analarının göz yaşı axıtdığı belə həssas bir dövrdə bu addımı atmaq iki qonşu ölkə arasındakı münaqişəni daha da alovlandırmaqdır. Halbuki Valeri Pekres bir qadın siyasətçi olaraq, 30 ildir torpaqları erməni işğalında olan və ərazi bütövlüyünü minlərlə şəhidin qanı hesabına bərpa edən dövlətə və xalqa qarşı bunu etməkdənsə, məsələyə daha humanist yanaşa və sülhün bərqərar olmasına çalışa bilərdi. Bu, təkcə beynəlxalq hüquq deyil, həm də əxlaq və vicdan məsələsidir. Valeri isə beynəlxalq qanunvericiliyi və dünyada formalaşmış davranış standartlarını ayaq altına almağı seçdi. 

Fransa kimi Qarabağ münaqişəsinin həll olunmasında vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi tərəfindən bu cür məsuliyyətsiz və təxribatçı davranışlar qəbuledilməzdir. Doğrudur,  V.Pekres Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə görə Azərbaycan XİN Fransaya nota verib və onun Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. Lakin biz bir vətəndaş, qadın və ana, “Vətən sağ olsun!” deyib övladının şəhadəti ilə qürur duyan şəhid analarının səsi olaraq, bu davranışın daha böyük cəza ilə nəticələnməsini arzu edirik. Hesab edirik ki, aralarındakı müharibəni yeni başa vuran, ancaq hələ də savaşın fəsadlarını yaşayan qonşu dövlətlərin arasında münaqişəni alovlandıran bir şəxs Fransa dövlətinin prezidenti olmamalıdır. Çünki bu addım xanım siyasətçinin gələcək fəaliyyətinin göstəricisidir. Buna görə də biz Fransanın demokrat kəsimini və müsəlman əhalisini Valeri Pekresə səs verməməyə çağırırıq. Pekres prezident seçilərsə, bu həm Fransa-Azərbaycan əlaqələrinin, həm də ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyinin, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun sonu deməkdir. Həmçinin, gələcəkdə də beynəlxalq hüquq normalarını pozacağı və barış naminə çalışmayacağı...

Biz - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının xanım rəhbərləri, qonşuluq və layaqət prinsipini əsas götürərək, hər kəsi müraciətimizə dəstək olmağa və sülhə çağırırıq! Homerin "Odissey"də bəşəriyyətə ünvanladığı mesajda deyildiyi kimi: "Ləyaqət qüsurla müqayisədə daha yaxşı siyasətdir!"

Hörmətlə,

Novella Cəfəroğlu, Dilarə Əliyeva adına Qadın Hüquqlarını  Müdafiə Cəmiyyəti

Məleykə Əlizadə, Gəncə Regional Qadın Mərkəzi

Vüsalə Hüseynli, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi

Sevinc Abdullayeva, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi

Samirə Mustafayeva, "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

Aynur Zülfüqarova, Qadın və Uşaqların İnnovativ Maariflənməsinə Dəstək İctimai Birliyi

Esmira Rəhimova, Ailələrə Sosial Dəstək İctimai Birliyi

Xatirə Fərəcova, "Mədəni İnkişafın Təbliği" İctimai Birliyi

Bahar Qasımova, Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi

Kəmalə Muradlı, Müasir Azərbaycan Qadını İctimai Birliyi

Sevil Allahverdiyeva, Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi

Dilarə Nağıyeva-Muxtarova, Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi