​Vilayət Eyvazov Türkiyədə magistr təhsili almış 6 polisi vəzifəyə təyin etdi

​Vilayət Eyvazov Türkiyədə magistr təhsili almış 6 polisi vəzifəyə
22:30 27.12.2021
450 Ölkə
A- A+

Dekabrın 27-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2019-2021-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsilini başa vuraraq ölkəmizə qayıtmış 6 məzuna polis leytenantı xüsusi rütbəsi verilməklə müvafiq vəzifələrə təyin olunmaları ilə əlaqədar əmr imzalayıb. 

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nazir V.Eyvazov bildirib ki, ölkəmizin, eləcə də qardaş Türkiyə DİN-in xüsusi ali təhsil müəssisələrinin məzunlarının vəzifələrə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir. 

General-polkovnik V.Eyvazov gənc zabitləri təbrik edərək iki qardaş ölkənin daxili işlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib və bundan sonrakı çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, daim polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.