​Bakı metrosunda VİP vaqonlar quraşdırılacaq? – RƏSMİ AÇIQLAMA

​Bakı metrosunda VİP vaqonlar quraşdırılacaq?
09:00 23.11.2023
2604 Toplum
A- A+
Xəbər verdiyimiz kimi bir müddət əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev müsahibələrinin birində demişdi ki, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinə dedim ki, gedişhaqlarının qalxmasını cəmiyyət birmənalı qəbul etməyəcək:
 
"Təklif verdim ki, total qiyməti qaldırmaqdansa, siz təyyarələrdəki kimi qatarlarda biznes, ekonom klass yaradın. Biznes klassa daxil olan sərnişin kofe də içə bilər, nə istəsə edə bilər. Xalqımız xoşlayır ki, imkanı olan komfortla getsin. Bu formada etsəniz, biri gedişhaqqını 40 qəpik, başqası 1 manat verəcək".
 
Millət vəkilinin fikirləri, təbii ki, birmənalı qarşılanmamışdı.
 
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC Bizim.Media-nın sorğusuna cavab verib.
 
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Bakı metropolitenində VİP vaqonların ayrılması günün bir sıra sərnişindaşıma və stansiyaların mövcud texniki səciyyələrinə görə hazırda mümkün deyil: "Bu daha çox məhdudiyyətlər mənbəyi olar. İş günlərində sərnişin sıxlığı, ələxüsus gur saatlarda metropolitenin daha çox yüklənmiş stansiyalarında giriş sahəsindən başlamaqla, eskalator meydançalarında, ən əsası, platformalarda olan sıxlıq şəraitində VİP vaqon istifadəçisinin ayrılmış vaqonda hərəkət rahatlığını təmin etmək mümkün deyil.
 
Bunun üçün xüsusi zolaqlama və çəpərləmə işinin aparılması da hərəkətin təşkili qaydalarına zidd olmaqla yanaşı, stansiyaların yüklənməsinin ifrat həddə çatmasını sürətləndirər, eyni zamanda, ümumi sərnişindaşıma prosesinə mənfi təsir göstərməklə mövcud durumun idarə edilməsini çətinləşdirər.
Sıxlığın çox olduğu stansiyalarda...
 
Bu mənada, nümunə kimi, əsas sıxlığın səhər saatlarında "Koroğlu" və "20 Yanvar", habelə "Neftçilər" və "İnşaatçılar", günorta və xüsusən axşam saatlarında "28 May", "Elmlər Akademiyası", "Gənclik" və "Nərimanov" stansiyalarında olması, habelə daha sonra isə əsas hərəkət istiqamətlərində qatarların sərnişin sıxlığı şəraitində hərəkət etməsi VİP vaqonlardan istifadəni qeyri-real edir.
 
Bununla yanaşı, "28 May" kimi pilon keçidləri sərnişin hərəkətini məhdulaşdıran stansiyalarda və platformanın bəlli zonalarında, xüsusən eskalator meydançaları ilə orta zalların vahid sahədə olmasının sıxlıq şəraitində hərəkət üçün yaratdığı maneələr, platformada gözləmə zallarının maksimal yüklənmə həddi VİP vaqon istifadəçilərinin hərəkət rahatlığını məhdudlaşdıran əsas amillərdən biri olar.

Məhz pilon tipli stansiyalarda vaqonlardan düşən sərnişinlərin də istifadə etdiyi vaqonlar bu mənada əsas maneələr sırasındadır. Qeyd olunan kimi, həmin zonalarda və sahələrdə çəpərlənmə təhlükəsizlik tələblərinə görə yolverilməzdir.
 
"28 May" stansiyasını qeyd etmişkən, burada xətlərin kəsişərək birləşməsi və həmçinin qatarların "Xətai-Cəfər Cabbarlı" məkik hərəkət sahəsinə keçid funksiyası hərəkətin təşkilinin xüsusiyyətlərini daha da mürəkkəbləşdirir və platforma səviyyəsinin iki istiqamətdən də davamlı sıx intensiv hərəkət səciyyəsi var.
Bakı metropolitenində sərnişinlərin vaqonlardan düşəcəyi zonaları əsas götürərək minəcəyi sahəyə əvvəlcədən üstünlük verməsi, başqa sözlə sərnişinlərin platforma boyunca bərabər paylanma məsələlərində mövcud çətinlikləri nəzərə alsaq, bu gün VİP vaqonların ayrılması daha çox hərəkətin təşkilinə zərər verməklə, sərnişin təhlükəsizliyi də daxil olmaqla, daha çox məhdudiyyətlər gətirib çıxarar. Qeyd edilən texniki məsələlərə digərlərini də əlavə etmək olar.
 
Maliyyə baxımından, metropolitenin ən əsas gəlir mənbəyinin məhz sərnişin daşınmasından əldə olduğunu nəzərə alsaq, daşınan sərnişin sayının maya dəyərinə təsirləri, ictimai sərnişindaşıma nəqliyyatı sistemindəki mövcud tariflər də nəzərə alınmaqla, VİP vaqonların ayrılması sərnişindaşıma prosesinə iqtisadi cəhətdən mənfi təsirləri və risklərini artıracaq.
 
Texniki-iqtisadi cəhətdən sadalana biləcək digər mənfi təsirlər də VİP vaqonda sərnişindaşımanın təşkilinin metropolitenə hər hansısa müsbət maliyyə təsirlərinin olmayacağını aydın göstərir.
 
Yuxarıda qeyd edilənlərdən savayı, metropolitenin ictimai kütləvi nəqliyyat növü kimi statusunu, bu xüsusda, daha çox əhalinin bütün təbəqələri üçün sosial əhəmiyyəti və əlçatanlığını nəzərə almaq lazımdır. Məsələnin sosial-ictimai mühitdə doğuracağı rezonans və ümumi sərnişin məmnuniyyətinə, habelə, bir sıra digər aspektlərdən mənfi təsir ehtimalının və risklərinin yüksək olması aşkar təzadların, narazılıqların da mənbəyidir.
 
Qeyd edilənlər VİP vaqonların tətbiqini hazırkı dövrdə qeyri-real və mümkünsüz edir".