Ermənistanın Stepanavan şəhərində “Armles” Dövlət Qeyri-Kommersiya Təşkilatının əməkdaşlarına qarşı ittiham irəli sürülüb. İttihama əsasən həmin şəxslərin səhlənkarlığı nəticəsində 619 ağac kəsilib və dövlətə 24 min ABŞ dolları məbləğində ziyan dəyib.
Bu barədə SÜLH.İNFO.az Ermənistan mətbuatına istinadən xəbər verir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “Armles”in Stepanavan meşə təsərrüfatı sektorunun 8 əməkdaşı vəzifə saxtakarlığında və səhlənkarlıqda ittiham edilir.
İstintaqla müəyyən olunub ki, həmin şəxslər Gülaqarak ərazisinin 4 meşə sahəsində reyd keçirməyib, qanunsuz kəsilmiş ağacları aşkar etməyib, qeydə almayıblar. Üstəlik, kəsilməsi aşkarlanmayan ağaclarla bağlı saxta aktlar tərtib ediblər.
Həmin ərazilərdə aparılan yoxlamalar nəticəsində 619 ağacın (müxtəlif növ və diametrdə) qanunsuz kəsildiyi, nəticədə fauna və floraya xüsusilə böyük miqyasda, təxminən 12,3 milyon dram (təxminən 24 min ABŞ dolları-red) ziyan vurulduğu aşkarlanıb.
Dövlətə dəymiş ziyanın bərpası məqsədilə təqsirləndirilən şəxslərin əmlakına həbs qoyulub. Cinayət işi ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.