Tokio-2020 Yay Olimpiya Oyunlarında Ukraynaya medal qazandıran yunan-Roma güləşçisi Pərviz Nəsibov doğulduğu Ağstafada olub.
SÜLH.İNFO.az-ın məlumatına görə, 24 yaşlı idmançı 15 ildən sonra səfər etdiyi rayonda evlərinin, bir zamanlar yaşadıqları ərazilərin foto və videolarını yayımlayıb.
"Biz bu evdə atam, anam, əmimlə birgə yaşamışıq. Bu, belə demək mümkünsə, bizim sığınacağımızdır. Biz bu dağlarda yaşamışıq, yatmışıq. Biləsiniz ki, hansı şəraitdə böyümüşük. Uşaqlığım bu dağlarda keçib. Bunlar sadəcə, dağlar deyil. Mənim əcdadlarımın, babalarımın yaşadıqları məkandır. Fikrimcə, belə yerlərə hər kəs baş çəkməlidir. Keçmişini unudan özünü unudar", - deyə o bildirib.
Qeyd edək ki, Pərviz Nəsibov Tokio olimpiadasında 67 kq çəki dərəcəsində gümüş medal qazanıb.