İstənilən dövlətdə xalq öz hökumətini özü seçməlidir. Heç bir dövlətin digər dövlətin daxili siyasi həyatına qarışmağa hüququ yoxdur.
SÜLH.İNFO.az xəbər verir ki, belə bir bəyanatla Ermənistanın 20 ictimai təşkilatı və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edib.
Bəyanatda qeyd olunub ki, Prezident Tokayevin vəziyyətdən çıxmaq üçün KTMT-yə müraciət ünvanlamasından sonra KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına sədrlik edən Nikol Paşinyan qoşunların göndərilməsi ilə bağlı qərarı imzalayıb.
Bəyanata imza atanlar Ermənistan hökumətinin bu məsuliyyətsiz addımlarını pislədiklərini, KTMT-yə üzv dövlətlərin tərkibində Qazaxıstanın daxili işlərinə müdaxilə, bu ölkə əhalisinə qarşı tədbirlərdə iştirak və insan hüquqlarının pozulması ilə bağlı mümkün halların Ermənistanın beynəlxalq reputasiyasına əhəmiyyətli zərər vuracağını bildiriblər.