Açılışı ötən il Füzuli şəhərində baş tutmuş, işğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı ilk hava limanına həyata keçirilən reyslərdə 675 sərnişinə xidmət göstərilib.
SÜLH.İNFO.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.
Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı 2021-ci ilin 30 sentyabr tarixində baş tutub
Hava Limanında uzunluğu 3 000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadrat metr təşkil edir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub.
2021-ci ilin beş sentyabr tarixində Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanı olan Füzuli Hava Limanına eniş edib.
2021-ci ilin 16 oktyabr tarixində Füzuli Hava Limanına beynəlxalq status verilib, bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən imzalanıb.
Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.