2021-ci ildə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 1,125 milyon sərnişin daşıyıb.
SÜLH.İNFO.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bunun 875 mini AZAL-ın özünün, 250 mini isə "Buta Airways"in payına düşüb.
Bildirilir ki, 2021-ci il ərzində Azərbaycanın hava limanlarında 2,93 milyon sərnişinə xidmət göstərilib.
"Bu göstərici COVID-19 pandemiyasının başlanması, beynəlxalq hava əlaqəsinin ləğvi və sərhədlərin bağlanması ilə əlaqədar sərnişin aviadaşımalarının dayandırıldığı 2020-ci ilin statistikasından iki dəfədən də çoxdur", - AZAL qeyd edir.
Sərnişinlərin ümumi sayından 2,39 milyon sərnişin beynəlxalq reyslərin payına düşüb.
Beynəlxalq reyslərin ümumi sayından AZAL-ın payına 38,2 %, “Buta Airways”in payına isə 10,9 % düşüb.
Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa reyslər həyata keçirir.
Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt və Qazaxıstana uçuşlar həyata keçirir.
Eyni zamanda qeyd olunur ki, AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ötən il ərzində Azərbaycanın hava məkanından istifadə edən 47 min hava gəmisinə xidmət göstərilib ki, bu da 2020-ci ilin göstəricisindən 6,3 % çoxdur və pandemiyadan əvvəlki dövrün göstəricilərinin 57 %-ni təşkil edir. Azərbaycan hava limanlarında eniş zamanı daha 34 000 təyyarəyə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən hava limanları üçün COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görülmüşdür.
Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətidir.