Şəmkirdə qadın evdən qaçmasının səbəbini açıqlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, Oxu.Az-a danışan Gülbəsti Qurbanova həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığını bildirib:
“Qayınanam və həyat yoldaşım davamlı məni uşağımın olmadığı üçün qınayırdılar. Hər şeydən bezmişdim. 5 il əvvəl tanış olduğum bir kişi vardı. Mənim telefonuma səhv düşmüşdü. Elə tanış olduq. O zaman nişanlı idim, nişanı qaytarmaq istədim, anamgil icazə vermədi”.
G.Qurbanova bir dəfə tanış olduğu kişi ilə qaçmağa cəhd göstərsə də, alınmayıb:
“O, yolu tapa bilmədi. Dekabrın 31-i taksi ilə gəlib məni evdən götürdü”.
G.Qurbanova əlavə edib ki, evdən çıxanda pul götürməyib:
“Evdən qızıllarımı və üst geyimimi götürüb çıxmışam. Şirvana çatan kimi qızıllarımı satdım. Kirayə ev tutdum, özümə paltar, qab-qacaq aldım. Artıq o ailəyə geri dönən deyiləm”.
Qadın bildirir ki, evlənəndən bir ay sonra həyat yoldaşı onu döyməyə başlayıb:
“Məni döyürdü, səhərə qədər çöldə saxlayırdı. Sabahın açılmasına az qalmış evə salırdı ki, heç kim görməsin”.
Qeyd edək ki, 24 yaşlı Gülbəsti Qurbanova sonuncu dəfə dekabrın 31-i evdən çıxıb və geri qayıtmayıb. Qayınanasının sözlərinə görə, gəlini evdən qaçan zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb.
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşları rayon sakini Gülbəsti Qurbanovanın itkin düşməsi ilə bağlı keçirdikləri müvafiq tədbirlərlə onu Şirvan şəhərində tapılaraq ailəsinə təhvil verilib.