Laçın rayonundan məcburi köçkün, yazıçı Rəfiqə Nəcəfovanın “Şəhid yurdum” və “Qisas qiyamətə qalmaz” romanlarının təqdimat mərasimi keçirilib.
SÜLH.İNFO.az xəbər verir ki, əsərlərin təqdimat mərasimində Laçın rayon icra hakimiyyəti, rayon Təhsil Şöbəsinin nümayəndələri, Laçından olan ziyalılar və tanınmış şəxslər, müharibə veteranları iştirak edib.
Müəllif Rəfiqə Nəcəfova bildirib ki, iki hissəli əsər vətənpərvərlik mövzusunda yazılmış tarixi romandır. Əsərdə təsvir olunan 266 obrazın böyük əksəriyyəti real, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlardır. Hər iki kitab Azərbaycan tairixini özündə təcəssüm etdirir, burada 1992-2000-ci illərdə olan hadisələr öz əksini tapıb.
“Şəhid yurdum” kitabında ərazilərimizin işğalına qədər olan xüsusi ilə, Laçın, Şuşa, Kəlbəcər və Qubadlıda cərəyan edən hadisələrdən, “Qisas qiyamətə qalmaz” adlı tarixi əsərdə isə işğaldan sonrakı dövrdən bəhs edilir. Vətən müharibəsində qazandığımız tarixi qələbədən bəhs edən və əsərin üçüncü hissəsi olan “Qalib xalqım” kitabı üzərində iş gedir.
Daha sonra Laçın rayon icra hakimiyyətinin nümayəndəsi Natiq Mustafayev, rayon Təhsil Şöbəsinin rəhbəri Nicat Həsənov, şair İlham Qəhrəman, birinci Qarabağ müharibəsi iştirakçısı, batalyon komandiri Çingiz Abbasov, həkim Nəzakət Salmanova, hüquqşünas, ekspert, qazı Ərşad Hüseynov, qazilərə və komanda təsvir edilən əsas qəhrəmanlardan olan Fikrət Yusifov, Müşfiq Hüseynov, Baba Aslanov, Habil Aslanov və məktəb direktorları çıxış edib, tarixi mövzuda yazılan bu cür əsərlərin mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Kitabın üçüncü hissəsinin təqdimatının azad-abad laçın rayonunda keçirilməsi arzu edilib.
Sonda əsərin müəllifi Rəfiqə Nəcəfova Azərbaycan Respublikası Təhsil Nazirliyi, Laçın Rayon Təhsil şöbəsinin Fəxri Fərmanı ilə təltif edilib.
Qeyd edək ki, “Şəhid yurdum” kitabı 10 avqust 2017-ci ildə, “Qisas qiyamətə qalmaz” romanı isə 2021-ci ildə nəşr olunub.