​Qadına əzab verən şəxs apellyasiya şikayəti verib

​Qadına əzab verən şəxs apellyasiya
12:40 29.01.2022
245 Hadisə
A- A+

Gədəbəy rayonunda bibisi qızına əzab vermədə təqsirləndirilən Qəzənfər Hacıyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək cinayət işinin ilkin baxış iclası yanvarın 28-nə təyin edilib.

Şikayət hakim Elçin Xasməmmədovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, 2021-ci il mayın 31-də rayon sakini, 1947-ci il təvəllüdlü Q.Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib və ona işgəncə verib.

İstintaq orqanı tərəfindən Q.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum olunub.