​Gəncədə DƏHŞƏT! – İtləri diri-diri basdırdılar -VİDEO

​Gəncədə DƏHŞƏT!
20:00 04.02.2022
332 Hadisə
A- A+

Gəncədə küçə itlərinin kütləvi şəkildə güllələnərək zibil poliqonuna atıldığı, daha sonra isə diri-diri basdırıldığı iddia edilir.

Bu barədə “Azərbaycan Heyvanların Mühafizəsi” İctimai Birliyindən məlumat verilib.

İB-nin sədr müavini Fərid Mansurov saytımıza dediklərini təsdiq edən videolar göndərib və hadisənin bu gün səhər baş verdiyini deyib:

“Bu kimi güllələnmə hadisələri Gəncədə tez-tez qeydə alınır. Lakin bu gün səhər saatlarında itlərin kütləvi qətliamı olub. Özü də bunu gündüz ediblər, uşaqların gözünün qabağında olmuş hadisədir. Daha sonra itləri yığıb aparıb zibil poliqonu deyilən əraziyə atıblar.

Əraziyə traktorlar cəlb olunaraq itləri kütləvi şəkildə basdırıblar. İtlərin arasında yaralı olsa da, hələ yaşayanları da olub.

Bir az sonra həmin məkana Gəncədə olan heyvansevərlər çatıblar, torpağı qazıb diri itləri çıxarmağa cəhd ediblər. Lakin onlara imkan verməyiblər. İtlər torpağın altında işgəncə ilə can veriblər”.

O, qətliamın yerli icra orqanlarının və bələdiyyələrin etdiyini iddia edir.

Bakupost.az məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-dən bildirilib ki, məsələ araşdırılır: “Araşdırma bitdikdən sonra ictimaiyyətə açıqlama veriləcək”.(bakupost.az)


***
Gəncədə itlərin diri-diri basdırılması ilə bağlı məlumat vermişdik.


Gəncə Şəhər İcra Hakimiyyətindən SÜLH.İNFO.az -a bildirilib ki, sahibsiz heyvanların güllələnməsi ilə bağlı İH tərəfindən heç bir göstəriş verilməyib:

“Məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır.

Həmçinin, qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir. Onu da bildirək ki, sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə layihəsi əsasında sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaqdır”.