Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket "jurnalist” Ata Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
Bu barədə "Report”a onun vəkili Telman Abdıyev məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və "Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq "iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 manat pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.