​Suriyadan 7 azərbaycanlı repatriasiya edilib

​Suriyadan 7 azərbaycanlı repatriasiya
19:20 31.03.2022
171 Siyasət
A- A+

Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 7 nəfərin repatriasiyası həyata keçirilib.

Bu barədə  SÜLH.İNFO.az-a Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub.

Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

Bununla bağlı İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib. Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilmişdir. 2022-ci ilin 31 mart tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək.