Azərbaycanın veteran boksçusu Əli İsmayılov qadınlardan ibarət yığmanın baş məşqçisi təyin olunacaq.
Bu barədə "Report"a məşhur idmançının özü məlumat verib.
Ümumdünya Boks Təşkilatının WBO LATINO versiyası üzrə qızıl kəmərin sahibi bildirib ki, bu vəzifə federasiyanın yeni prezidenti Sahil Babayevin veteranlarla görüşü zamanı ona təklif olunub: "Federasiyanın yeni rəhbərliyindən təklif gəldi, mən də imtina etmədim. Hazırda danışıqlar gedir, amma hələ məsələ rəsmiləşməyib".
O, hələlik köməkçilərinin kimliyinin dəqiqləşmədiyini söyləyib: "Mayın əvvəlində Türkiyənin İstanbul şəhərində böyüklər arasında dünya çempionatı olacaq. Çox güman ki, oraya köməkçisiz gedəcəyəm. Mənim təklifimlə yığmada yalnız qadın həkim olacaq. Müvəqqəti çətinlikdir, daha sonra köməkçilərim də bilinəcək".
Qeyd edək ki, Əli İsmayılov qadınlardan ibarət millidə Elbruz Rzayevi əvəzləyəcək.