​"Aprel döyüşləri böyük Qələbənin başlanğıcı oldu" - Çingiz Qənizadə

​
11:40 06.04.2022
184 Ölkə
A- A+

Azərbaycan Ordusunun Qələbəsi ilə bitən Aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman hərbiçilərimiz təcavüzkar Ermənistan ordusuna güclü zərbələr endirərək, 2 min hektardan artıq ərazini və strateji əhəmiyyəli yüksəklikləri işğaldan azad ediblər. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğalçılardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib.

Bunu SÜLH.İNFO.az-a açıqlamasında Demok­ratiya və İnsan Hüquqlar Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. 

Hüquq müdafiəçisi dedi ki, Aprel döyüşləri 1994-cü ildə atəşkəs haq­qında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. 2016-cı il apre­lin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Cəbhənin ən gərgin Ağdərə –Tərtər –Ağdam və Xocavənd –Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirildi. Həmin döyüşlər rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Co­cuq Mərcanlı kəndi, Goranboy rayonu­nun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan qəsəbəsi istiqamətində yollar düşməndən azad olundu. Lələtəpə yüksəkliyi isə işğal altındakı ərazilərdə düşmən mövqelərini bütün dərinliyi boyunca müşahidə etməyə imkan verir.

Azad edilmiş 2 min hektar ərazi ilə yanaşı, yeni mövqelərdən Qarabağın işğal altındakı minlərlə hektar sahəsinə vizual nəzarət də ordumuza üstün­lük qazandırıb. Eyni zamanda, 584 metr hündürlüyündə Talış yüksəkliyi də azad edildi. Məhz bu yüksəklik düşmən tapdağı altındakı kəndə nəzarət etməyə imkan verirdi. Bundan başqa, azad olunmuş ərazi Goran­boyun Tapqaraqoyunlu kəndini atəş altından tam çıxarmağa şərait yaratdı. Ümumilikdə, bu istiqamətdə azad edil­miş ərazinin sahəsi 14 kvadratkilometr təşkil edirdi.

Ç.Qənizadə dedi ki, Aprel döyüşlərinin nəticələri Ermənistanın hərbi-siyasi rəhbərliyini şok vəziyyətinə saldı. Azərbaycan Ordu­sunun zərbələrinə tab gətirə bilməyən düşmən 25 ildən artıq müddətdə möhkəmləndirilmiş əlverişli mövqelərini tərk etdi. Düşmən həm canlı qüvvə və həm də hərbi texnika baxımından da ciddi itkilər verdi. Ermənistan tərəfi həmin döyüşlərdə 110 hərbi qulluq­çusunu itirdiyini, 127 hərbçisinin isə yaralandığını etiraf etmişdi: “Aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandı, işğalçı ordunun rəhbərləri işdən qovuldu, daha sonra isə müharibə caniləri – Serj Sar­kisyan öz dəstəsi ilə birlikdə hakimiyyəti itirdi”.

Komtə sədri Aprel döyüşlərinin əhəmiyyətindən söhbət açaraq dedi ki, dördgünlük müharibə xalqımıza zəfər sevinci yaşatmaqla bərabər, böyük Qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi: “2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun sərhədboyu ərazilərdə yenidən başladığı təxribatlar onların öz başında çatladı. Aprel döyüşlərindən ibrət götürməyən düşmən bu dəfə layiqli cavabını aldı. Düşmən bu dəfə Azərbaycan Ordusu qarşısında yalnız 44 gün duruş gətirə bildi. Azərbaycan Ordusu dünyanın ən güclülərindən olduğunu təsdiqlədi. Azərbaycan Prezi­denti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusu darma­dağın edildi. Bu qələbə Azərbaycanın dünya miqyasındakı mövqeyini daha da möhkəmləndirdi”.