​"Nərminin anası dedi ki, rəisdən pul almağa gəlmişəm" - Şahid

​
17:20 07.04.2022
253 Hadisə
A- A+

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmədə bəzi məqamlar məlum olub.

SÜLH.İNFO.az xəbər verir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadəsində cinayət işi üzrə bir neçə məqama toxunub.

Murad Süleymanov deyib ki, Nərminin yanmış meyiti tapılan gün səhər anası Aynurə İsmayılovanı Polis Şöbəsində görüb: “Yanvarın 6-da şöbənin qarşısında “razvod” bitdi, içəri keçəndə Aynurə İsmayılovanı gördüm. Soruşanda dedi ki, polis rəisi Şirzad Əsgərovdan pul almağa gəlmişəm”.

Şahid onu da bildirib ki, meyit yanması haqda polis rəisinə xəbər verəndən 15 dəqiqə sonra Şirzad Əsgərov rəis müavini Şahlar Cəfərovla hadisə yerinə gəlib: “Şirzad Əsgərov hadisə yerinə çatan kimi “Şahlar, odur - Nərmindir”.

Murad Süleymanov Nərminin meyiti tapılmazdan əvvəl aparılan axtarışlar barədə də danışıb.

Süleymanov xatırladıb ki, hələ meyit tapılmamışdan öncə rəis müavini Cəfərov ondan Dondar Quşçuda tək yaşayan sakinlər haqda soruşub.

Proses aprelin 11-də davam etdiriləcək.(apa)