Hazırda Tarif Şurasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin tariflərinin dəyişdirilməsi məsələsi müzakirə olunmur.
Bu barədə Tarif Şurasından SÜLH.İNFO.az-a daşıyıcı şirkətlərin sərnişindaşımda tariflərin yenidən baxılması ilə əlaqədar müraciətlərinə münasibət bildirərkən qeyd edilib.
Vurğulanıb ki, sözügedən məsələnin müzakirə olunması üçün subyektlər tərəfindən təkliflər Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun təqdim olunmalıdır: "Məlumatlar bu Qaydalara uyğun təqdim edildikdən sonra məsələyə Şuranın iclasında əhalinin alıcılıq qabiliyyəti, istehlakçıların və bu sahədə xidmət göstərən subyektlərin maraqlarının uzlaşdırılması, dövlət büdcəsindən ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və s. bu kimi amillər nəzərə alınmaqla baxılır və məqsədəuyğun hesab olunduğu təqdirdə tariflərin dəyişdirilməsi barədə qərar qəbul edilir".
Xatırladaq ki, aprelin 8-də Azərbaycanda özəl daşıyıcılar Tarif Şurasına müraciət edib. Müraciətdə deyilib ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb: "Buna baxmayaraq hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80 %-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb".