​Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

​Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar
10:40 12.04.2022
220 Dünya
A- A+

Yaponiyanın Xarici İşlər Nazirliyi Ukrayna ətrafındakə vəziyyətlə əlaqədar 398 Rusiya vətəndaşı və 28 Rusiya təşkilatına qarşı sanksiyalar tətbiq edib.

SÜLH.İNFO.az-ın məlumatına görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına və Yaponiyanın beynəlxalq sülhü təmin etmək üçün beynəlxalq səylərə töhfə verməsilə əlaqədar 398 Rusiya vətəndaşının və 28 təşkilatın aktivləri dondurulur.

Sanksiyaların tətbiq edildiyi şəxslər arasında Rusiya Dövlət Dumasının 385 deputatı və Yaponiya XİN-in "Rusiya prezidentinin qızları" adlandırdığı Katerina Tixonova və Mariya Vorontsova da yer alıblar. Sanksiyalar həmçinin Rusiya XİN rəhbərlərinin "həyat yoldaşı və qızı" Mariya Lavrova və Yekaterina Vinokurovaya qarşı da tətbiq edilib.

Sanksiyalar siyahısında həmçinin Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenov, onun müavini vitse-admiral Vladimir Kasatonov, Qara dəniz donanmasının komandanı admiral İqor Osipov, onun birinci müavini Sergey Pinçuk, Quru qoşunları komandanı Oleq Salyukov, Hərbi Kosmik Qüvvələrin komandanı Sergey Surovikin, Hərbi Hava Qüvvələrinin komandanı Sergey Dronov, Cənub Hərbi Dairəsinin komandanı Aleksey Avdeyev, onun müavini Rustam Muradov və Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Əlahiddə Ümumqoşun Ordusunun komandanı Andrey Sıçevoy da yer alıblar.

Bundan əlavə, Yaponiya Rusiyanın 26 müəssisəsi və 2 bankına qarşı da sanksiyalar tətbiq edib. "Alfa-bank" və "Sberbank"ın aktivləri dondurulacaq, sözügedən banklarla tranzaksiyalar mayın 12-dən qadağan ediləcək.

Eyni zamanda, Rusiya Federasiyasına xarici investisiyalara qadağa da tətbiq edilir. Mayın 12-dən investisiyalar yalnız xüsusi icazələrlə həyata keçiriləcək.