Bu ilin iyun ayında korrupsiyada ittiham edilən keçmiş futbol rəsmiləri Jozef Blatter və Mişel Platininin məhkəməsi keçiriləcək.
SÜLH.İNFO.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Cinayət Məhkəməsinin internet saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, dinləmələr Lozannada iyunun 8-də başlayacaq və 22-dək davam edəcək.
Prokurorlar FIFA-nın sabiq prezidenti Blatteri 2011-ci ildə UEFA-nın o vaxtkı prezidenti Platiniyə qanunsuz yolla 2 milyon dollar ödəməkdə ittiham edir.
Hər iki sabiq futbol rəsmisi fırıldaqçılıq və bəzi digər qanunsuz davranışlarda günahlandırılsa da, özlərini təqsirli bilmirlər.
17 il FİFA-ya rəhbərlik etmiş Blatter 2015-ci ildə, Platini isə 2016-cı ildə istefa verib. Onların hər ikisi etik pozuntular əsas gətirilərək 6 il müddətinə futboldan uzaqlaşdırılıblar.
Bu hadisə FIFA tarixinin ən böyük korrupsiya qalmaqalı hesab edilir.