Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Murad Mir-Zadə magistr təhsili almaq üçün dünyanın 3 ən nüfuzlu universitetinə qəbul olunub. O, xüsusi komissiya tərəfindən yoxlama və müsahibələrdən keçərək Böyük Britanıyanın ən aparıcı universitetlərinə daxil olub. Murad eyni vaxtda Mançester Memarlıq Məktəbi, Uels Memarlıq Məktəbi və Stratklayd Universitetində magistr təhsili alacaq.
SÜLH.İNFO.az xəbər verir ki, Mançester Memarlıq Məktəbi Mançester Universiteti ilə Mançester Metropolitan Universiteti arasında olan innovativ əməkdaşlıqdır, hazırda bu akademik məktəb QS 2022 Memarlıq reytinqində dünyada 7-ci yerdədir. Məhz bu ali məktəbdən Norman Foster, Stephen Hodder və s. kimi görkəmli memarlar məzun olublar.
Uels Memarlıq Məktəbi Kardiff Universitetinin akademik məktəbidir. O, dünyanın ən aparıcı memarlıq məktəblərindən və Britaniyanın ən yaxşı memarlıq məktəblərindən biri kimi qəbul edilir. Uels Memarlıq Məktəbi hazırda The Guardian Rankings tərəfindən Böyük Britaniyada 3-cü, tam universitet bələdçisinə görə 5-ci, QS Subject reytinqinə görə isə İngiltərədə 5-ci yerdədir.
Stratklayd Universiteti isə Şotlandiyada yerləşir, qəbul zamanı yüksək tələblərinə görə Stratklayd Böyük Britaniyanın ən çətin 5 universitetindən biri hesab olunur. Murad bu universitetə qəbul olmaqla yanaşı, 15% təqaüd əldə edib və eyni zamanda dekanın Xüsusi Təqaüdünə nominant göstərilib.
Kardiff və Mançester universitetləri Böyük Britaniyanın 24 dünya şöhrətli, aparıcı və prestijli universitetlərinin elitar qarşılıqlı əlaqə qrupunun, məhz Rassel Qrupun üzvləridir.
Onu da qeyd edək ki, qəbul meyarları arasında Muradın peşəkar portfoliosu, xarici dil biliyi, ictimai fəaliyyəti və yüksək təhsil göstəriciləri ilə yanaşı, həm də onun bakalavr təhsilinin RIBA Part 1 (Britaniya Memarlarının Kral İnstitutu) tərəfindən akkreditasiyadan keçməsi əsas götürülüb. Xatırladaq ki, AzMİU-nun Memarlıq fakültəsi 2019-cu ilin sonunda RİBA-nın bakalavr təhsili üzrə 5 illik akkreditasiyasını alıb.