​Pakistan geosiyasi seçim qarşısında - Çin yoxsa ABŞ?

​Pakistan geosiyasi seçim qarşısında -
18:20 13.04.2022
569 Dünya
A- A+

Müsəlman ölkələri arasında əhalisinin sayına görə 2-ci (İndoneziyadan sonra) olduğuna və nüvə gücünə malik yeganə müsəlman ölkəsi olduğuna görə, Pakistan böyük nüfuza malik ölkədir.

SÜLH.İNFO.az xəbər verir ki,ABŞ-la əlaqələr isə "Soyuq müharibə" dövründə yaxşı olsa da, 1990-cı illərdən etibarən Pakistanın öz nüvə enerjisini artırması ilə ABŞ bu ölkəyə qarşı sanksiyalara başlamışdır. Bir neçə il i öncə Pakistan müdafiə naziri Xürrəm Dastgir Xan Müdafiə və xüsusi xidmət istiqamətində ABŞ-la əməkdaşlığın dayandırıldığını rəsmən elan etmişdir. Həmin dövrdə Pakistanın ABŞ dan imtinası Donald Trampın Pakistana hərbi-texnoloji yardım proqramlarını dayandırılması addımına cavab olaraq atılmışdır.

Tramp Pakistan rəhbərliyini terrorizmlə əlbir olmaqda və müttəfiqlik öhdəliklərini icra etməməkdə suçlayırdı. Bundan başqa Pakistan ABŞ-ın İrana münasibətini də heç vaxt dəstəkləməmişdir. İslamabad daimi olaraq Tehrana qarşı dost münasibətdə olduğunu vurğulamaqdadır. Təbii ki, belə bir yanaşma Vaşinqton üçün qəbuledilən deyil. Bu arada Pakistan baş naziri İmran Xanın devrilməyinin səbəblərini təkcə onun Rusiyaya son isti münasibətləri ilə əlaqələndirmək düzgün olmazdı. Rusiya ilə əlaqələrin inkişafı Pakistan üçün 2012-ci ildən sonra xarici siyasət gündəminin əsas istiqamətlərindən biri olmuş və yeni məsələ deyil. Yəni son vaxtlar Pakistanla Rusiya arasında bir çox sahələrdə əməkdaşlıq genişlənmişdir. Hətta iki dövlət arasında Şimal–Cənub qaz boru kəmərinin tikintisi haqqında razılaşma da imzalanmış və 3 milyard dollara başa gələcək layihə İran, Pakistan və Hindistanı birləşdirməyi nəzərdə tutur.

Lakin Pakistanın Rusiya ilə dərin olmayan və yeni başlamaqda olan və hələ perspektivdə həyata keçiriləcək lahiyyələri, ABŞ üçün əsas narahatedici məqamlar kimi hesab etmək, düzgün yanaşma deyil. ABŞ-ın narahatlığı və Pakistandakı hökuməti dəyişdirmək şərhlərinə gəldikdə isə bunun ABŞ-ın deyil, ölkə daxilində Pakistan-Çin münasibətlərini dəstəkləyən elitanın çoxluq təşkil etməsi nəticəsində baş verməsi arqumenti ilə təqdim etmək daha məntiqli olar. Dünyada gedən son geosiyasi proseslər ABŞ-ÇİN-RUSİYA arsındakı münasibətlərin fonunda öz yeni nizamını tapacağı gözlənməkdədir. Artıq Pakistanın bu arenada Çini yoxsa ABŞ-ı seçim etməsi real səhnə kimi görsənməkdədir. Bu səhnədə Pakistanın Çin üçün nə qədər əhəmiyyətli ölkə olması əsas diqqət çəkən məqamlardan biridir. Pakistan Çin üçün müsəlman ölkələri ilə əlaqələrdə əsas "qapı" hesab olunur. Çin hər zaman Pakistanın əsas ticarət və iqtisadi ortağı hesab olunub.

Bu ölkənin Çinlə ciddi müttəfiqlik əlaqələri 1950-ci ildən başlamış çox strateji dərin və davamlı olmuş, zaman-zaman müqavilələrlə yenilənib möhkəmlənmiş və hazırda da davam etməkdədir. Sincan Uyğur Muxtar əyalətində müsəlman hərəkatı barədə isə Pakistan Çin hökumətinin siyasətini heç vaxt rəsmən tənqid etməyib. Bundan əlavə, İslamabad Tibet, Tayvan və Sincanın Çinin tərkib hissəsi kimi tanıyıbdır. Yəni Pakistan bütün məsələlərdə Çinə tam dəstəyini indi də nümayiş etdirir. Çin isə Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Çinin hərbi və sualtı gəmilərini Hind okeanına yerləşdirirərək bu akvatoriyada hərbi-siyasi varlığını təsdiqləməsi də təbii ki, ABŞ-ı son dövr üçün çox narahat edən məqamlardandır. Lakin Yeni baş Nazir Şahbaz Şərif Çinin yaxşı və pis gündə Pakistanın müttəfiqi olduğunu vurğulaması və Pekinlə münasibətlərin yaxşı olmasının vacibliyinə diqqət çəkməsi bu məqamda sıradan açıqlama deyil. O İmran Xan hökumətini Çin və Pakistan arasındakı dostluğu zəiflətməkdə ittiham edib.

Baş nazir Çin-Pakistan dostluğunu heç kimin poza bilməyəcəyini vurğulayıb. ABŞ-la münasibətlərin isə bərabərlik əsasında gücləndirilməsinin vacibliyini bildirib. Yeni baş nazirin məhz bu açıqlaması Pakistanın geosiyasi seçiminə qismən də olsa aydınlıq gətirir. Lakin maraqlı nüanslardan biri də müasir Pakistan hərbi elitasının ABŞ-la çox yaxından bağlılığıdır. Pakistanın bir çox yüksək vəzifəli məmur və generalları ABŞ-da təhsil alib, onların da ABŞ-da təsirli bir daşınmaz əmlakı və kapitalı var. Nəzərə alsaq ki, Pakistanda dəfələrlə hərbi çevrilişlər baş verib, söylədiyimiz nüans yaxın gələcəkdə yeni bir hərbi çevriliş ehtimalı üçün əsas yarada bilər. Məhz bu qüvvənin təmsilçiləri, Pakistanın Birləşmiş Ştatlarla münasibətlərinin tam şəkildə pozulmasında maraqlı deyillər.

Politoloq Ramil Allahverdiyev