Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb.
Bu barədə SÜLH.İNFO.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 13-ü saat 21:35 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "Toyota Corolla" markalı 77-FE-378 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən bir nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Ərazidən uzaqlaşmağa cəhd edən şəxs sərhəd naryadı tərəfindən saxlanılıb, onun Ağdam rayon sakini, 1967-ci il təvəllüdlü Kərimov Qabil Tabil oğlu olması müəyyənləşdiriib.
Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisindən ümumi çəkisi 1885 qram olan narkotik vasitəyə (1770 qram heroin və 115 qram marixuana) bənzər maddələr aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.