Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
SÜLH.İNFO.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Elnur İsayev bildirib ki, "MTC Company" MMC-nin həm icraçı direktoru, həmdə təsisçisidir.
Şahidin sözlərinə görə, İmişli RİH-in inzibati binasında tikilməsində onun şirkəti tenderi qazanıb və 2 dəfə V.Hacıyevin qəbulunda olub: "Binanın tikilməsi üçün bir neçə layihə təqdim etdik və ən yaxşısı seçildi, tenderi udduq. Buna görə 6 milyon 200 min manatlıq müqavilə bağlandı. Həmin pullar isə şirkətə yavaş-yavaş ödənilirdi. İlkin olaraq binanın tikintisi üçün bankdan pul götürmüşdük. Çünki onlar tərəfindən pul gecikirdi. Ayrılan puldan İmişli Rayon İcra Hakimiyyəti tərəfindən 4 milyona yaxın pul ödənildi. Həmin pullar bank hesabımıza ödənilib. Biz pulları bank hesabımızdan birdən-birə çıxartmırdıq. Tikintini öz vəsaitimiz hesabına, nağd gəlirlərimiz hesabına apardıq. Şirkətə köçürülən 4 milyona yaxın pul isə elə bank hesabımızda qalmışdı, 990 min manatı isə hissə-hissə İmişli Rayon İcra Hakimiyyətində şəxsən Vilyam Hacıyevin özünə verilib. Biz işi davam etdirmək üçün məcbur olub həmin pulları ona verdik. Çünki bizim layihələr üzrə rəhbərimiz Səhliyə xanıma deyilmişdi ki, pullar verilməsə, tender başqa şirkətə veriləcək".
Daha sonra digər şahid Hakim Fərəcov dindirilib. O, İmişli rayonunda sahibkarlıqla məşğul olduğunu deyib. Şahid söyləyib ki, müəssisəsi tikinti materiallarının istehsalı ilə məşğuldur: "2019-cu ildə rayonda abadlıq işlərinin aparılması üçün İmişli Rayon İcra Hakimiyyətindən 2 500 manat pul istənildi. Pulu rayon icra hakimiyyətinin mühasibatlığına verdim. Bir dəfə də işlədiyimiz yerdə vətəndaşlarla problemimiz oldu. Problemi həll etmək və aranın sakitləşdirilməsi üçün 8 min 500 manat pul verdim".
Şahid Rizvan Ağayev isə bildirib ki, tanışının torpağının sənədləşməsi üçün vasitəçi olub: "Elvin adlı tanışımın yaşadığı yerin həyətində 66 kv-lıq yer var idi. Ona sənəd istəyirdi. İcra hakimiyyətində Nazim müəllimlə danışdım. Buna görə 4 min manat pulu mənim yanımda Nazimə verdi".
Digər Şahid Oktay Gülmalıyevin sözlərinə görə, İmişlidə Əfqanıstan veteranının adına sosial ev alması üçün 15 min manatı rayonun maliyyə şöbəsinin rəisi Cəmil Musayevə verib.
Məhkəmənin növbəti iclası 18-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.(report.az)