​PSJ "Marsel"ə, "Real Madrid" isə "Sevilya"ya qalib gəldi

​PSJ
10:00 18.04.2022
202 İdman
A- A+

Fransa Liqa 1-də XXXII turun mərkəzi görüşü PSJ və "Marsel" komandaları arasında keçirilib.

SÜLH.İNFO.az xəbər verir ki, Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qalib komandadan qolları Neymar 12-ci, Kilian Mbappe 45+4-cü dəqiqədə vurub. Qonaqlardan isə 31-ci dəqiqədə Duye Çaleta-Çar fərqlənib.

Bununla da xalını 74-ə çatdıran PSJ ən yaxın izləyicisi "Marsel"i 15 xal geridə qoyaraq, sona 6 tur qalmış çempionluğa xeyli yaxınlaşıb. Paytaxt komandasını qızıl medaldan cəmi 1 qələbə ayırır.

İspaniya La Liqasında isə XXXII turun mərkəzi görüşü "Sevilya" və "Real Madrid" komandaları arasında keçirilib.

"Ramon Sançes Pisxuan" stadionunda təşkil olummuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.

İlk 2 qolu meydan sahiblərindən İvan Rakitiç 21-ci və Erik Lamela 25-ci dəqiqədə vurub.

"Kral klubu" ikinci hissədə geridönüş etməyi bacarıb. Fasilədən dərhal sonra meydana çıxan Rodriqo 50-ci dəqiqədə fərqi azaldıb. 83-cü dəqiqədə Naço Fernandes bərabərlik, 90+2-ci dəqiqədə isə Kərim Benzema qələbə topuna imza atıb.

Bununla da xalını 75-ə çatdıran "Real Madrid" liderliyini möhkəmlədib. "Sevilya" isə "Barselona" ilə birgə 60 xalla 2-3-cü yerləri bölüşür. Lakin Kataloniya komandasının ehtiyatda 2 oyunu var.