Azərbaycan Dillər Universitetində (ADU) ERASMUS+ çərçivəsində ECAR “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin məlumatlandırma günü təşkil edilib.
SÜLH.İNFO.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Rektor layihənin əhəmiyyətini yüksək qiymətləndirib, ADU-nun layihədə iştirakının gələcək perspektivləri haqqında danışıb.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov ECAR çərçivəsində digər universitetlərdə keçirilən görüşlərdən bəhs edib, təhsilimizin qarşısında dayanan yeni çağırışlar, universitetlərarası əməkdaşlığın vacibliyi haqqında məlumat verib.
ERASMUS + ofisinin rəhbəri Pərviz Bağırov ADU-nun layihədəki iştirakını müsbət dəyərləndirib, gələcək mümkün perspektivlərə toxunub. Qeyd olunub ki, ali təhsil ocaqlarının bir-biri ilə müxtəlif istiqamətlərdə mübadiləsi müasir dövrün vacib təhsil tələblərindən biridir.
Layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülmüş işlərin nəticələri və növbəti mərhələdə icrası planlaşdırılan məsələlər, xüsusilə Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində aparılmış tədqiqatın nəticələrinə dair hesabatla çıxış edib.
Daha sonra Bakı Biznes Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalayıb. Görüşdə informasiya, əməkdaşlar, tələbə mübadiləsinin təşkil edilməsi və gələcək əməkdaşlıq perpektivləri haqqında müzakirələr aparılıb.