Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) apellyasiya şikayəti verib.
Bu barədə "Report"a onun vəkili Teymur Baloğlanov bildirib.
O deyib ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.
Ə.Cəbiyev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırladaq ki, Ə.Cəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 8 il 6 ay müddətinə azdlıqdan məhrum edilib.
Qeyd edək ki Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb.
O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Cinayət materiallarında göstərilib ki, Ə.Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib.
Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.
Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.