"Bu, mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəmsə, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, belə məqamlarda yanımda mənə "Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən" deyən biri olsun. Daha doğrusu, belə düşünürəm: kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki"!?
SÜLH.İNFO.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli deyib.
25 yaşlı hücumçu bildirib ki, ən önəmlisi hər matçda var gücünü ortaya qoymaqdır: "Çünki bu, oyun vaxtı komandama kömək edir. Əlbəttə, qollar görüşün ən gözəl məqamıdır. Fərqlənmək əladır. Amma nəticə sonda bilinir. Ən vacibi 3 xaldır. Məsələn, "Riyeka" ilə görüşdə vurduğum qol önəmli idi. Bundan sonra kapitan Ariyan Ademi qələbə topunu vurdu və biz oyunu kökündən dəyişdik. Ən gözəli odur ki, sonda qalib gəldik, təslim olmadıq və sonadək mübarizə apardıq. Bu, böyük geri dönüş idi".
Sevgilisi olduğunu etiraf edən Emreli Zaqrebdə onunla birlikdə qaldığını bildirib: "Gələn həftə anam və bacım yanıma gələcək. Bacım mənimlə idi, amma qayıtmalı oldu, indi yenə gələcək. Düzü, çölə çox çıxmıram. Daha çox evdə oluram. Hər şey evimə yaxındır. Kofe içsəm, evdən çıxıram. Yeri gəlmişkən, Zaqrebi çox sevirəm. Bura mənə uyğun şəhərdir. Böyük şəhərləri sevmirəm. Zaqreb mənə Bakını xatırladır, o da böyük şəhər deyil. Bir yerdən digər yerə tez getməyi sevirəm. Zaqrebdə özümü əla hiss edirəm".