Bakının Nizami rayonunda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və qurumun xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edib. Məsələn, həmin şəxs Rövşən Rüstəmov küçəsi, 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacı quraşdırmağı təklif edib. Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı Nizami rayon Sukanal İdarəsinə müraciət edib. İdarənin əməkdaşları dərhal hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
"Xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Vətəndaşlardan özlərini “Azərsu” işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirmələri xahiş olunur", - deyə qurum bəyan edib.