​Gürcüstanda Azərbaycanı ən mühüm tərəfdaş hesab edənlərin sayı artıb

​Gürcüstanda Azərbaycanı ən mühüm tərəfdaş hesab
22:40 27.04.2022
114 Dünya
A- A+

Gürcüstanda Azərbaycanı ən mühüm tərəfdaş hesab edənlərin sayı artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əks olunub.

Rəyi soruşulanların 20 %-i Azərbaycanı ölkənin ən mühüm siyasi tərəfdaşı hesab edib.

Respondentlərin 54 %-i Avropa İttifaqı (Aİ), 53 %-i ABŞ-ı, 45 %-i Ukraynanı, 20 %-i isə Türkiyəni Gürcüstanın ən vacib siyasi tərəfdaşı kimi dəyərləndirib.

Rəyi soruşulanların 24 %-nin fikrincə, Azərbaycan Gürcüstanın ən mühüm iqtisadi tərəfdaşıdır. İlk üç ən vacib iqtisadi tərəfdaş kimi Aİ (45 %), ABŞ (42 %) və Türkiyə (32 %) göstərilib.

Sorğu bu ilin martın 4-dən 24-dək yaşı 18-dən yuxarı olan 1 486 respondent arasında üzbəüz müsahibə yolu ilə aparılıb.

Qeyd edək ki, IRI-nin əvvəlki analoji sorğusunun nəticələri ilə müqayisədə qonşu ölkədə Azərbaycanı Gürcüstanın ən mühüm siyasi və iqtisadi tərəfdaşı hesab edənlərin faiz göstəricisi artıb. Belə ki, ötən ilin avqustunda keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 15 %-i Azərbaycanı Gürcüstanın ən önəmli siyasi, 19 %-i isə ən önəmli iqtisadi tərəfdaşı kimi qiymətləndirib.