​Ekspert: "Trans-Xəzər əməkdaşlığının reallaşdırılmasında..."

​Ekspert:
19:40 01.06.2022
264 Siyasət
A- A+

“Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı artıq ikinci məktubdur ki, müəyyən məqamlarla digərlərindən kəskin şəkildə fərqlənir”.

Bu barədə "Report"a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

“Bunlardan birincisi məhz Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti tərəfindən İlham Əliyevə təbrik mətubu idi ki, bayrama 1 həftə qalmış ünvanlanmışdı. O zaman xatırlatmışdıq ki, bu məktubun məqsədi Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında olan münasibətləri daha da diqqət mərkəzinə gətirməkdir”, - E. Əmirov bildirib.

Onun sözlərinə görə, Baydenin ikinci məktubunda xüsusi olaraq vurğulanması lazım olan məqam var.

Ağ Evin rəhbəri məktubunda bildirir: “Sizi əmin etmək istəyirəm ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olmağa davam edir". Yəni Amerikanın Azərbaycana qarşı tərəfdaş münasibətindən əmin etmək istəyirəm vurğusu şablondan kənar bir vurğudur və diqqəti daha çox cəlb etmək istəyir ki, Amerika bu münasibətlərdə daha çox maraqlıdır, ekspert bildirir.

 

"Digər tərəfdən, enerji təhlükəsizliyi ilə bağlı məqsədimizə çatmaq üçün Azərbaycanın rolu və əhəmiyyəti bu məktubda ciddi şəkildə Baydenin öz dilindən səsləndirilir.

Hətta burada bir ifadə var: “Şaxələndilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir”. Yəni bu onu göstərir ki, hazırda Rusiya - Ukrayna münaqişəsi zəminində Rusiyanın Qərbə enerji basqısı və enerji ilə bağlı qərbin sıxıntıları Amerika üçün də problem yaradır. Çünki bu məsələdə Qərbi aktiv edən bilavasitə Amerikadır. Yəni ABŞ tərəfindən Qərb dəstəklənir və Avropanın özü də Amerikadan enerji təhlükəsizliyini həyata keçirməkdə kömək istəyir".

İqtisadçının sözlərinə görə, Azərbaycanın Qərb və Avropa üçün aktuallığı son dərəcədə önəmlidir:

“Cozef Baydenin də bu məktubda vurğuladığı məqamlar onu göstərir ki, Azərbaycan Avropa üçün, Amerika üçün, bütövlükdə Qərb üçün nə qədər əhəmiyyətlidir.

Məktubda Trans-Xəzər layihəsinin adının çəkilməsi də düşünürəm ki, maraqlı məqamdır. Trans-Xəzər əməkdaşlığı Orta Asiyadan enerji resurslarının Xəzər və Azərbaycan üzərindən Avropaya çatdırılması məsələsi var ki, görünür, bununla bağlı Qərbin strateji planları var. Bu məsələdə də Azərbaycanın dəstəyinə böyük ehtiyac var. Düşünürəm ki, hazırkı vəziyyət Azərbaycan üçün kifayət qədər yaxşı bir vəziyyətdir, həm regional, eyni zamanda da qlobal səviyyədə söz sahibinə çevrilməsini müşahidə edirik. İstər ölkə rəhbərinin apardığı uğurlu siyasət olsun, istər mövcud enerji resursları olsun, istərsə ordunun uğuru olsun, yəni bütün bunlar kompleks şəklində Azərbaycanın hələ uzun müddət nüfuzunun dayanmadan artacağına bir işarədir”.