Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” adlı antologiyası işıq üzü görüb. Topluda Vətən müharibəsi iştirakçılarının şeirləri, esseləri yer alıb. Onların arasında döyüşlər zamanı qələmə alınan nümunələr də var. “İgidlərin sözü” antologiyanın təqdimatı 11 noyabr tarixində Beynəlxalq Muğam Mərkəzində reallaşacaq.
Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ideya müəllifi “SÖZ” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.
“İgidlərin sözü” antologiyasında Aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, İkinci Qarabağ müharibəsi şəhidləri polkovnik-leytenant Elzamin Təhməzov, baş gizirlər Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, əsgərlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Mayıl oğlu Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu, Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin, Tamerlan Əsədovun yaradıcılıqları yer alıb.
“İgidlərin sözü” layihəsinin təqdimatı ötən il 2021-ci ilin noyabr ayında Beynəlxalq Muğam Mərkəzində (BMM) gerçəkləşmişdi. Təqdimatda tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, layihə iştirakçılarının əsgər yoldaşları iştirak ediblər.
“İgidlərin sözü” ədəbi layihəsi 2022-ci ilin yayında Şuşada keçirilən Vaqif Poeziya Festivalının açılışını şərəfləndirdi. Azərbaycan Poeziya məkanında və söz bayramında bir ilk oldu.
Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.