Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük türk şairi Nazim Hikmətin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda ölkənin tanınmış ədəbiyyatşünas alimləri, universitet müəllimləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.
Konfransı giriş sözü ilə açan muzeyin baş direktoru akademik Rafael Hüseynov "Azərbaycanın, Türkiyənin və dünyanın Nazim Hikməti" mövzusunda geniş məruzə ilə çıxış edib. Akademik böyük şairin Azərbaycana olan sevgi və bağlarına xüsusi diqqət çəkib.
Daha sonra konfrans plenar iclasla öz işinə davam edib.
İclasda professor Şəfəq Əlibəyli, professor Tofiq Məlikli, elmlər doktoru Tahirə Həsənzadə, filologiya üzdə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və Gəncə Dövlət Universitetinin baş müəllimi Cahan Ağamirov məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, türk inqilabi şeirinin banisi Nazim Hikmət 1902-ci ildə zadəgan ailəsində anadan olub. Onun "835 sətir", "Baron-3", "1+1=1", "Səsini itirmiş şəhər" kimi kitablarında xalqın ağır həyatı və inqilabi mübarizəyə çağırışlar öz əksini tapıb. Nazim Hikmət 1963-cü ilin 3 iyununda, 61 yaşında Moskvada vəfat edib.
Mənbə: APA