Oyanıb gözlərini açanda ətrafı quşların səsi bürümüşdü. Alaqaranlıq olmasından hiss olunurdu ki, hələ səhərin lap erkən saatlarıdır. May ayı olmasına baxmayaraq hava soyuq və rütubətli idi. Parkın yanındakı yoldan gələn nəqliyyat vasitələrinin səslərinə baxılardısa, şəhər uğuldayaraq yeni bir günə başlayırdı. Bu gün onları nəyin gözlədiyini isə təkcə Tanrı bilirdi...
Bu gecə də parkdakı skamyalardan birində yuxlamışdı. Qalmağa yeri yox idi. Dikəlib dizlərini qucaqladı. Başını dizlərinin üstünə söykəyib gördüyü yuxu barəsində düşünməyə, daha doğrusu, düşünməməyə çalışsa da alınmadı. Oğlu onun verdiyi karalyoku iştahla yeyərək anasına gülümsəyirdi... Nə isə... Əslində o, belə kövrək insan deyil ki, yuxuya görə ağlasın. Yuxudur da, nədir ki, bəyəm?!
On səkkiz il öncə ailəsinin təkidi ilə evləndiyi adam onu bir uşaqla qoyub başqa ölkəyə işləmək adıyla getdikdən sonra ondan heç bir xəbər-ətər çıxmadığını görüb müxtəlif yerlərdə xadimə kimi işləyərək birtəhər oğlunu böyüdə bilmişdi.
Keçən ay onu əsgər aparmışdılar. Əri onları tərk etdiyi gündən bəri elə çətinliklərlə qarşılaşmışdı ki, heç vaxt üzü gülməmişdi. Hətta demək olar ki, bütün bu uğursuz həyatının acısını oğlundan çıxmışdı. O, görünüş olaraq necə də atasını xatırladırdı... Məhz bu səbəbdən uşağa qarşı qəribə bir ikrah hissi yaranmışdı qəlbinin dərinliyində. Heç vaxt ona ana nəvazişi göstərməmiş, uğurlarına dəstək olmamış, ən kiçik səhvlərində bərk əsəbləşərək onu o ki var döymüşdü. Bəzən isə oğlu yatandan sonra gedib məsum və günahsız üzünə saatlarla baxar, sabahdan ona qarşı mülayim olacağına, sevgi və nəvaziş göstərəcəyinə söz verərdi. Düşünərdi ki, atasının acığını oğlundan çıxmaqla balasına ən böyük haqsızlığı edir. İçində özünün bu qəddarlığından utanıb əzab çəkərdi. Amma necə olurdusa, sabah oğlunu qarşısında görəndə yenə onun atasına olan o həmin hiddət duyğusu imkan verməzdi ki, onu sevə bilsin... Beləcə dolu 18 il keçmişdi. Yalnız oğlunu yola salmadan öncə ən sonuncu gün onu bərk-bərk qucaqlayıb öpmüş, cibindəki karalyoku çıxarıb sevgi ilə gülümsəyərək oğluna vermişdi...
Şəhid olduqdan sonra oğlunun əşyaları veriləndə çantasından bir ədəd qaralmış karalyok çıxmışdı... Bayaqdan cəh-cəh vuran quşların səsi artıq kəsilmişdi. Təkcə skamyanın kənarındakı axsaq quşun ürkək səsi onu düşüncələrdən ayırdı. Bu, digərlərinə nisbətən balaca bir sərçə idi. Deyəsən, harasısa yaralanmışdı. Bir neçə dəfə qanad çırpmağa çalışsa da uça bilmədi. Bəlkə də, balaca olduğu üçün hələ uçmağı yaxşı bilmirdi. Ürkək və yardıma ehtiyacı olduğunu ifadə edən baxışları ilə tez-tez skamyadakı qadını süzürdü. Ola bilsin ki, qadının əzabı fiziki deyildi, amma hər ikisi eyni şəkildə əzab çəkirdilər...
Qadın ayağa qalxıb quşun körpə canını ovcuna aldı. Onun gözlərinə yaxından baxaraq içindəki qorxaq, eyni zamanda ümidli baxışı görüb özünü daha güclü hiss etdi...