​Nağd yoxsa QR kodla ALIŞ-VERİŞ? - Yeni ödəniş formasının ÜSTÜNLÜKLƏRİ

​Nağd yoxsa QR kodla ALIŞ-VERİŞ?
10:12 24.05.2023
A- A+
“Soğan olsun, nağd olsun”

Bəzi deyimlər, atalar sözləri var ki, zamanla onlar da müasir dövrün tələblərinə, baş verən hadisələrə uyğunlaşdırılır. Elə məhz yuxarıda qeyd etdiyimiz məsəl kimi. Nağd sözünü deyəndə hazırda hər kəsin beynində nağd-nağdsız (kart) ödəniş ifadələri get-gəl edir. 

Yarı şəxslər ənənəvi qaydalara sadiq qalaraq kağız pulla ödəniş etməyi sevsə də, artıq dünyanın bir çox ölkəsində nağdsız ödənişlərin digər formaları da meydana çıxıb. Elə QR ( “quick response” – sürətli cavab) kodla ödəniş kimi. 

Qeyd edək ki, QR kod – müvafiq proqram təminatı, o cümlədən elektron cihazlar (mobil telefon, optik oxuyucu və s.) vasitəsilə oxunması nəzərdə tutulan, Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 18004 nömrəli standartına uyğun olaraq tərtib edilən kvadratlar matrisindən ibarət məlumat daşıyıcı ştrix-koddur.

Bəs QR kodla ödənişin hansı üstünlükləri var?

İqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda ümumiyyətlə elektron, “online” alışlarda nağdsız-kartla ödənişlərin aparılması prosesi sürətlə formalaşıb:

“Xüsusilə pandemiyadan sonra bu sahədə daha da irəliləyişlər müşahidə olundu. Həmçinin ƏDV geri al layihəsinin həyata keçirilməsi insanlar üçün iqtisadi stimula çevirildi.

Həm də nağdsız ödənişlərin aparılmasını daha geniş hala gətirdi. QR kodla ödənişlər də son dövrlərdə aktuallaşıb və yeni texnologiyadır. Azərbaycanda da tədricən bu istiqamətdə ödənişlərə başlanıla bilər. 

Qeyd edim ki, yeni bir tətbiq ortaya çıxanda adətən supernovatorlar bu prosesdən yararlanır. Əslində QR kodla ödəniş, nağdsız yəni kartla ödənişlə mahiyyətcə eynidir və onların digər formasıdır. Bu yeni forma da nağdsız ödənişlərin daha da stimullaşmasına hesablanıb”.

Ekspert həmçinin nağdsız alış-verişlərin üstünlüklərini də açıqlayıb:

“1. Nağdsız alış-verişlər şəffaflığı artıraraq, vergidən yayınma imkanlarını məhdudlaşdırır.

2. Bank və maliyyə sektoru üçün əhəmiyyətlidir. Çünki vəsaitlər, ödənişlər sözügedən sektora keçdiyinə görə, onların maliyyə gücünü artırır. 

3. Dövlətin pul-kredit siyasətinin effektiv tənzimlənməsinə imkan verir.  

4. Pulun daha çox nağdsız dövriyyədə olması valyuta spekulyasiyalarının qarşısını alaraq, tənzimlənən formaya salır. 

5. Nağdsız tranzaksiyalar insanlar üçün də rahatdır. Həmçinin vaxta qənaətdir.

6. Həmçinin klassik oğurluq (evdən, avtobusdan, yoldan və s.) hallarından şəxsləri sığortalayır”.

Qeyd edək ki, ölkəmizdə də sözügedən ödənişlərin edilməsi üçün Mərkəzi Bank “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair» qaydaları təsdiqləyib. Mərkəzi Bankın qərarına görə, Azərbaycanda QR kodla ödənişlərin aparılması üçün AZQR kod-dan istifadə olunacaq.