“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İctimai Birliyin (İB) sədri Xəyyam Əsgərov İdarə Heyətinin iclasında çıxışı zamanı məlumat verib. Prezident İlham Əliyevin qərarı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi hadisə olduğunu söyləyən Xəyyam Əsgərov vurğulayıb: “1995-ci ildə qəbul olunmuş konstitusiyamız və 30 ildən sonra ərazilərimizin işğaldan azad olunmasından sonra suverenliyimizin təmin olunması Azərbaycan tarixində böyük əhəmiyyətə malik tarixi hadisələrdir. 2025-ci ildə tədbirlərimizi məhz bu önəmli il çərçivəsində daha yüksək səviyyədə keçirəcəyik. Bütün tədbirlərimizdə iştirakçılar Prezident İlham Əliyevin siyasi kursuna tam dəstək verdiklərini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin dünyada tanıdılması, irsimizin, mədəniyyətimizin təbliği, inkişafı üçün atdığı addımları rəğbətlə qarşıladıqlarını, təqdir etdiklərini bildiriblər”.
Sosial şəbəkələrdə də fəaliyyətlərinin uğurla davam etdiyini bildirən İctimai Birliyin sədri deyib ki, səhifələrinin statistikası milyonlarla ölçülür.
“İMZA” İB-nin Türkiyə təmsilçisi, qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bildirib ki, təşkilat artıq bütün Türk dünyasında yaxşı tanınır, fəaliyyəti müsbət qarşılanır. Xüsusilə də beynəlxalq əhəmiyyətli tədbirlərimiz rəğbətlə qarşılanır.
Hulusi Kılıç, eyni zamanda, Türk dünyasının ortaq maraqlarına xidmət edən layihələrin sayının artırılmasının önəminə diqqət çəkib.
Sədrin Beynəlxalq məsələlər üzrə müavini Elnar Məmmədli “İMZA” İB-nin 2025-ci ildə keçiriləcək beynəlxalq və yerli əhəmiyyətli tədbirlər barədə danışıb: “Qərbi Azərbaycan mövzusu diqqətdə saxlanılacaq. Soydaşlarımızın tarixi torpaqlarımıza qayıdış hüququna beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə növbəti beynəlxalq konfransın keçirilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Tədbirin yüksək səviyyədə baş tutmasında əvvəlki illərin təcrübəsi və təşkilatın getdikcə güclənən beynəlxalq əlaqələri həlledici rol oynayacaq. “İMZA”, həmçinin daha bir beynəlxalq simpozium keçirməyi də planlaşdırır və hazırda həmin layihə üzərində intensiv iş aparılır”.
Sədrin müşaviri Emin Qəribli iclas iştirakçılarını daha çox iqtisadi əhəmiyyət daşıyacaq həmin tədbir barədə məlumatlandırıb. O qeyd edib ki, “İMZA” milli mədəniyyətimiz və irsimizlə əlaqədar önəmli bir layihəni, həmçinin regionlarda sosial dəstək mahiyyətli aksiyalarını da davam etdirəcək.
Sonra “İMZA” İB-nin yeni təyinatları açıqlanıb. İlahə Nadirova sədrin müşaviri, Elvira Məmmədova isə İnsan resursları departamentinin rəhbəri təyin olunublar.