​İranın TƏXRİBAT PLANI – Qarabağdan qaçan terrorçular niyə TƏBRİZƏ YERLƏŞDİRİLİR?

​İranın TƏXRİBAT PLANI
14:18 29.09.2023
155 Siyasət
A- A+

Xəbər verdiyimiz kimi Azərbaycan Qarabağ iqtisadi zonasında həyata keçirdiyi lokal anti-terror tədbirlərindən sonra bölgədəki Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazisini tərk etdilər.

Həmin silahlı dəstələrlə bağlı "Türkiyə" qəzeti 27 sentyabr tarixində maraqlı bir məlumat yayıb. Məlumatda bildirilir ki, Xankəndidən qaçan 60 erməni silahlısı SEPAH-ın Təbriz ətrafında yerləşən Xasavan kəndi yaxınlığındakı "Əl-Zəhra" kazarmasına gətirilib.

Qəzet onu da yazır ki, İHA, SİHA, tank, raket, sızma, təxribat və s. daxil olmaqla, çoxşaxəli hərbi təlimlər keçəcək terrorçuların sayının 1000 nəfərədək artırılacağı gözlənilir.Təlimlərin başa çatmasından və terrorçuların hazırlığından sonra SEPAH onları Zəngəzur bölgəsinə yerləşdirilməyi planlaşdırır.

Bu xəbəri oxuyanda ilk ağıla gələn məşhur atalar sözü oldu:

“İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi”. Ermənistan və dünya erməniləri, hətta onların xarici havadarları Qarabağın Azərbaycan torpağı olması faktı ilə barışsa da molla-fars rejimi bu reallıqla razılaşmaq istəmir. Və rejim öz xəstə təxayülü ilə ermənilərə revanş şansı qazandırmaq istəyir. Bu da onu göstərir ki, həqiqətən də “qozbeli qəbir düzəldir”.

Rəsmi Tehran nə qədər and-aman eləsə də, gündə qulağa xoş gələn fikirlər səsləndirsə də Azərbaycanla qəlbən barışmaq fikrindən hələ çox-çox uzaqdı.

Molla-fars rejimi nəyi unudur?

Azərbaycan hər zaman sülh və dinc qonşuluq tərəfdarı olub. Və rəsmi şəkildə heç bir qonşu dövlətə ərazi iddiası yoxdur. Bununla belə molla-fars rejimi öz bəd niyyətlərindən əl çəkmir. Azərbaycana qarşı məkrli planlar quran molla rejimi hər xırda fürsətdən yararlanmaq istəyir.

Elə son fakt da bunu sübut edir. Ermənistan rəsmi şəkildə Qarabağ iqtisadi rayonundakı erməni hərbi birləşmələrinin ləğv olunması ilə razılaşır, hətta Xankəndidəki rejim özünü buraxdığını elan edir. Di gəl ki, molla-fars rejimi bu reallıqların heç biri ilə razılaşmır.

Erməni qaçaq-qulduruna sahib çıxır. Bu isə nə qonşuluğa, nə də ki, İslami dəyərlər yaraşmır. Molla-fars rejimi unutmasın ki, Azərbaycan son 3 ildə təkcə öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmədi, həm də dünyanı “ermənilik xəstəliyi”ndən qurtardı.

Bir zamanlar ermənilər “dənizdən-dənizə Böyük Ermənistan” xülyası qurmuşdu. Və “Böyük Ermənistan” layihəsinə təkcə Azərbaycan torpaqları yox, regionun bir çox ölkələrinin əraziləri daxil idi. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində ermənilərin kompakt yaşadığı ərazilərə də ermənilərin iddiası vardı.

Lakin, Azərbaycan son 3 ildə ermənilərin bütün xəyallarını puç elədi və dünyanı erməni şərindən xilas etdi. İndiki məqamda molla-fars rejimi də dayanmalı, “gözü çıxarılmış qardaşından” ibrət götürməlidir. Rəsmi Tehran unutmamalıdır ki, ABŞ və Avropanın bacarmadığını Azərbaycan bacarar.

Sulh.info.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinə İranın sahib çıxması barədə kifayət qədər faktlar var:

“Türkiyə mətbuatı hələ xeyli müddət əvvəl yazırdı ki, Zəngəzur dəhlizinin açılma ehtimalını aradan qaldırmaq üçün ərazilərə erməni çətələrinin yerləşdirilməsi prosesinə start verilib.

Ermənilərin Qarabağdakı məğlubiyyətinin Zəngəzurda revanş alma hissini İran gücləndirir, həm də qırmızı xətt hesab etdiyi bölgəyə terrorçuları yerləşdirməklə İran güc nümayiş etdirir.

Bu həmdə molla rejiminin qeyri-ənənəvi müharibəyə keçididir. İranın bu cür təxribatçı hərəkətləri həm də Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı aktiv işə başlamasıyla əlaqəlidir.

Həm də Azərbaycanın Qarabağda nəzarəti tam ələ keçirməsi molla-fars rejimini ciddi narahat edir. Ona görə də rəsmi Tehran bu cür “adekvat” tədbirlər hazırlayır”.