​DTX erməni generalı HƏBS ETDİ - FOTO

​DTX erməni generalı
16:43 29.09.2023
200 Siyasət
A- A+

Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq davam etdirilir.

Məlumata görə, əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak etmişdir. Eyni zamanda o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak etmişdir. Davit Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.