İlon Maks, Boris Conson... - dünya məşhurlarının üz tutduğu arıqlama dərmanı istehsalçısına yüz milyardlar qazandırır
Son onilliklərdə dünyada ifrat kökəlmənin yaratdığı xəstəliklərə qarşı mübarizə özü ilə bərabər arıqlamaq üçün dərmanlara tələbatın sürətli artımını da gətirib. Bir çox böyük şirkətlər dəb düşmüş arıqlama dərmanlarının satışından milyardlarla dollar qazanc əldə edirlər.
Belə şirkətlərdən biri də Danimarkanın məşhur insulin istehsalçısı “Novo Nordisk”dır. 2022-ci ildə bütün dünya birdən-birə onun inqilabi trendi olan semaqlutid dərmanını tanıdı: əvvəlcə şəkər xəstəliyini müalicə etmək üçün nəzərdə tutulmuş dərman artıq çəkidən azad olmaq məqsədilə istifadə olunmağa başladı - məşq etmədən, pəhriz saxlamadan.
İlon Maskdan tutmuş Boris Consona qədər dünyanın ən məşhur şəxsləri bu iynədən istifadə edərək arıqlamağa nail oldular. 2023-cü ilin sentyabrına qədər möcüzəvi arıqlama məhsuluna tələb o qədər artdı ki, “Novo Nordisk” Avropanın ən bahalı şirkətinə çevrildi.
Belə ki, “Novo Nordisk” sentyabrın 4-də Kopenhagen Fond Birjasında keçirilən əməliyyatlardan sonra Avropanın ən dəyərli şirkəti oldu. Onun səhmləri 0,7 faiz artaraq 1311 Danimarka kronuna (190 ABŞ dolları) yüksələrək, bazar kapitallaşması 428 milyard dollar təşkil edib. Eyni zamanda Fransanın lüks mallar istehsalçısı LVMH-nin səhmləri həmin gün 0,4 faiz ucuzlaşaraq 772,6 avroya (778,4 dollar), şirkətin dəyəri isə 419 milyard dollara düşüb.
Arıqlama dərmanlarının bəziləri psixi xəstəliklərə meyillilik yaradır - ARAŞDIRMA
“Novo Nordisk”in istehsalı olan və İngiltərədə çoxdan gözlənilən, ən çox satılan arıqlama dərmanı “Wegovy”nin satışa çıxarılmasından sonra regionun ən böyük şirkətlərinin reytinqində liderliyə qalxıb. Dərman dünyanın ən böyük əczaçılıq bazarında - ABŞ-da hələ 2021-ci ilin iyununda təqdim edilib. Aparılan araşdırmalar göstərir ki, “Wegovy” ciddi ürək xəstəliyi riskini 20 faiz azaldır. Sentyabr ayına qədər istehsalçının qiymətli kağızları 2018-ci ildən bəri dörd dəfə, 2023-cü ilin əvvəlindən isə 41 faiz bahalaşıb.
Diabet dərmanı arıqlama vasitəsinə necə çevrildi?
2021-ci ildə Britaniyanın “The New England Journal of Medicine” jurnalı müalicə zamanı xəstələrin on faizlə çəki itirdiyini göstərən araşdırmanın nəticələrini dərc etdi. Alimlər müəyyən etmişdilər ki, “Novo Nordisk” tərəfindən hazırlanan qlükaqonabənzər peptid-1 reseptor analoqları, məsələn, semaqlutid (“Ozempic”in aktiv maddəsi) və liraqlutid (S"axenda"nın tərkib hissəsi) bağırsaq hərəkətliliyini ləngidir və hipotalamusda qida mərkəzinə təsir edir. Nəticədə insan daha uzun müddət toxluq hiss edir və yemək ehtiyacını unudur.
O vaxtdan “Novo Nordisk” dərmanlarının populyarlığı sürətlə artdı. Diabet xəstələrindən kənarda milyonlarla tamamilə sağlam, lakin artıq çəkidən əziyyət çəkən insan bu dərmanlarla maraqlanmağa başladı. Onlar üçün alimlərin kəşfi o demək idi ki, aylarla pəhriz və yorucu məşqlər möcüzəvi dərman qəbul etmək kursu ilə əvəz edilə bilər. Nəticədə bu dərmanlara tələbat o həddə çatdı ki, 1 şpris 1000 dollara satılsa da, paketlər apteklərə çatan kimi rəflərdən uçur. Dünya məşhurlarının arıqlamaq üçün Danimarka istehsalçısının dərmanlarının köməyinə müraciət etdiklərini açıq etiraf etməsi isə onlara tələbi daha sürətlə artırdı.
Azərbaycanda arıqlamaq üçün dərman içən 18 yaşlı qız öldü | Mynews.az
Danimarka iqtisadiyyatının gələcəyi bi şirkətdən asılı hala gəlib
“Novo Nordisk”in biznes artım tempi cəmi 6 milyon əhalisi olan Danimarka kimi kiçik bir ölkə üçün anormal idi. Şirkətin bazar dəyəri hazırda ölkənin ümumi istehsalını üstələyir və onun dərmanlarının xaricə satışının artması Danimarka kronunu o qədər gücləndirib ki, yerli mərkəzi bank faiz dərəcələrini aşağı saxlamaq məcburiyyətində qalıb. Ekspertlərin qeyd etdiyi kimi, bütün milli iqtisadiyyatın gələcəyi indi “Novo Nordisk”dən asılıdır. Rəsmi statistikaya görə, Danimarkanın ÜDM-i 2023-cü ilin birinci yarısında illik 1,7 faiz artıb, lakin sənayenin töhfəsi olmasaydı, 0,3 faiz azalacaqdı.
Avqust ayında İqtisadiyyat Nazirliyi bildirib ki, ümumilikdə 2023-cü il üçün ÜDM-in 1,2 faiz artımını gözləyir - bu proqnoz may ayı ilə müqayisədə arıqlamaq üçün dərman istehsalçısının uğuru sayəsində iki dəfə artıb.
Bəzi həkimlərin “həyəcan təbili” hələ ki eşidilmir
Bütün müsbət rəylərə baxmayaraq, Danimarka istehsalçısının parlaq uğuru fonunda həkimlər və elm adamları etirazlarını getdikcə daha ucadan səsləndirirlər. Onlar “arıqlama dərmanlarının” marketoloqların inandırdığı qədər möcüzəli olmadığını iddia edirlər. Onların fikrincə, semaqlutidə əsaslanan dərmanların təsiri yalnız onların tətbiqi zamanı baş verir, kursun sonunda insanın çəkisində kəskin artım yaranır ki, buna da nəzarət etmək mümkün olmur.
“Obesity and Metabolism” adlı tibb jurnalında dərc edilən araşdırmada belə dərman qəbul edən insanların çoxunun bir il ərzində çəkisini bərpa etdiyi bildirilir. Digər tərəfdən, “Ozempic” və onun analoqlarını qəbul etmək bir sıra xoşagəlməz və bəzən hətta təhlükəli yan təsirlərlə əlaqələndirilir. Ən çox rast gəlinən yan təsirlər arasında qarın ağrısı, ürəkbulanma, ishal, qəbizlik və yorğunluq var. Yeri gəlmişkən, hətta İlon Mask “dəhşətli gəyirmə”dən şikayətlənib və İngiltərənin keçmiş baş naziri Boris Conson özünü pis hiss etməyə başladığı üçün “Ozempic” qəbul etməyi dayandırdığını etiraf edib.
Daha ciddi potensial nəticələrə pankreatit, böyrək xəstəliyi və hətta xərçəng riski daxildir. 2017-ci ildə ABŞ Ədliyyə Departamenti “Novo Nordisk” işçilərinin həkimlərə liraqlutid əsaslı “Victoza” dərmanı ilə bağlı “yanlış” məlumat verdiyini müəyyən edib. Belə ki, ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) 2010-cu ildə dərmanı təsdiqləyib, lakin Danimarka şirkətindən bu dərmanı qəbul etməyin nadir formada qalxanabənzər vəzi xərçənginin inkişafı riski barədə həkimləri xəbərdar etməyi tələb edib. Lakin əczaçılıq nəhəngi bu istəyə məhəl qoymayıb.
“Novo Nordisk” müsbət rəy üçün İngiltərə həkimlərinə rüşvət verib?
“Novo Nordisk”in qlobal reputasiyası şübhəli marketinq təcrübələri ilə də ləkələnib. Şirkət 2023-cü ilin martında dərmanlarını təbliğ edən arıqlama kurslarına sponsorluq edərək kodun ciddi şəkildə pozulmasına görə Britaniya Əczaçılıq Sənayesi Assosiasiyasından (ABPI) iki il müddətinə uzaqlaşdırılıb.
Həmin ay “The Guardian” “Wegovy”nin Böyük Britaniyada yüksək profilli təqdimatı ərəfəsində PR kampaniyası ilə bağlı araşdırma yayımlayıb və “Novo Nordisk”in öz məhsuluna inamı artırmaq üçün həkimlərə və piylənmə ilə bağlı xeyriyyə təşkilatlarına 21,7 milyon funt sterlinq (28,9 milyon dollar) ödədiyini ortaya çıxarıb.
Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb
Bundan əlavə, bir çoxları istehsalçının qiymət siyasətini çox mübahisəli hesab edir - KFF tədqiqat qrupu avqust ayında ABŞ-da “Novo Nordisk” tərəfindən müəyyən edilmiş qiymətlərin digər ölkələrdəki dərmanların qiymətindən bir neçə dəfə yüksək olduğunu bildiriblər. Məsələn, "Ozempic" dərmanı yalnız dərmana ayda ən azı 936 dollar xərcləməyi bacaran amerikalılar üçün mövcuddur, Yaponiyada isə istehsalçının dərman üçün tövsiyə etdiyi qiymət beş dəfə aşağıdır, yəni 168 dollardır. Avropa ölkələrində maya dəyəri daha aşağıdır: xüsusən Almaniyada “Ozempic”in qiyməti 103 dollar, İsveçdə 96 dollar, Fransada isə 83 dollardır.
Bütün bunlara baxmayaraq, “Wegovy” və “Ozempic” satışı keçən il şirkətə təxminən 2,5 milyard dollar gəlir gətirib. Təkcə 2023-cü ilin birinci yarısında “Novo Nordisk” “Wegovy”nin satışları sayəsində 14,5 milyard avro qazanıb. Müqayisə üçün 2021-ci ildə “Pfizer”, “Moderna”, “J&J”, “AstraZeneca” və “BionTech”ın COVİD-19 əleyhinə vaksinlərin satışından əldə olunan ümumi gəlir 71 milyard avro təşkil edib. “Visible Alpha” araşdırma firmasının hesablamalarına görə, bu göstərici 2027-ci ilə qədər 16 milyard dollara yüksələ bilər.
Eyni zamanda semaqlutid tərkibli dərmanlara tələbatın sürətli artımı digər şirkətləri də həvəsləndirib. Məsələn, Amerikanın “Eli Lilly” şirkətinin bazar dəyəri “Ozempic”in analoqu olan “Mounjaro” adlı dərmanın istehsalından sonrakı 18 aydan az müddətdə 500 milyard dollara çatıb.
Arıqlama dərmanları bir sıra sənaye sahələrini “vurur”
Ekspertlərə görə, yeni piylənmə əleyhinə dərmanlar tibb, qida və fitnes sənayesinin məhsul və xidmətlərinə tələbi kəskin şəkildə azalda bilər. Eyni zamanda semaqlutid qəbulu ilə milyonlarla insanda iştahanın azalması qlobal şirniyyat və qəlyanaltı bazarına hakim olan “Nestle”, “Oreo” və “Heinz” kimi nəhənglərin satışlarının azalmasına səbəb olacaq.
McDonald’s, Burger King və KFC kimi fast food restoranlarını da oxşar aqibət gözləyir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, piylənən insanlar tez-tez ürək-damar xəstəlikləri, müxtəlif növ xərçənglər, artrit və digər xəstəliklərdən əziyyət çəkirlər. Bu xəstəliklər üçün dərmanlar hazırlayan və istehsal edən şirkətlər də mənfəətlərinin aşağı düşdüyünü görə bilər. Xatırladaq ki, bu yaxınlarda aparılan bir araşdırma artıq “Wegovy”nin artıq çəkili insanlarda insult və infarkt riskini 20 faiz azaltdığını sübut edib.
Bundan əlavə, bazar artıq “Zimmer Biomet” və “Smith+Nephew” kimi diz və omba implantları satan şirkətlərin kapitallaşmasının azalacağını proqnozlaşdırır. Alimlər hesab edirlər ki, xəstələrin artıq çəkisi olmasaydı, diz əməliyyatlarının təxminən dörddə birindən qaçmaq olardı.
Hazırda “Ozempic”, “Wegovy” və onların analoqlarının alkoqolizm, siqaret və hətta qumar asılılığı kimi pis vərdişlərin aradan qaldırılmasında effektivliyini sübut edə biləcək tədqiqatlar aparılır. Onların nəticələri alkoqol və tütün korporasiyalarının, eləcə də əyləncə sənayesinin bəzi oyunçularının bazardakı mövqelərini xeyli zəiflədə bilər.
Eyni zamanda semaqlutidin istifadəsindən qazananlar da olacaq - məsələn, plastik cərrahlar müştərilərin axınını gözləməlidirlər, çünki daha incə insanlar braketlərə ehtiyac duyacaqlar. Moda brendləri və idman malları istehsalçıları, qarderoblarını yeniləmək və fitneslə məşğul olmaq istəyən alıcıların tələbinin artacağını görəcəklər. Analitiklər etiraf edirlər ki, maliyyə nəticələri onlayn tanışlıq xidmətləri üçün də yaxşılaşacaq, çünki arıqladıqdan sonra bir çox insanın özünə inamı artacaq.
Qeyd edək ki, “Novo Nordisk” məhsulları Azərbaycan bazarına çoxdan daxil olub. Maraqlıdır ki, internetdə “Ozempic” preparatının 1 şprisini 233 manata təklif edənlər var. Lakin şirkətin Azərbaycandakı nümayəndəliyi bu ilin yanvarında Rusiya, Qazaxıstan və Azərbaycanda dərmanın saxta versiyalarının geniş yayıldığını elan edərək, istehlakçıları diqqətli olmağa çağırıb./musavat.com