​“Söndür, yandır, düzələcək” - Azərbaycanda internetin sürəti şikayətlərin sürətinə çatmır

​“Söndür, yandır, düzələcək”
09:34 24.10.2023
A- A+
Azərbaycanda hətta paytaxt Bakıda da abonentlər internetin keyfiyyətindən şikayət edirlər.
 

Məsələ ilə bağlı adiyyəti qurumlara, provayderlərə zəng edəndə bildirirlər ki, internetdə problem var, bir neçə saata düzələcək. Lakin təkrar zəng edəndə ən məşhur ifadə “ Modemi söndürün, 10 dəqiqə sonra yandırın, düzələcək” olur. Bu da alınmayanda son variant kimi modemi dəyişdirmək təklif olunur.
 

Lakin onu dəyişəndə belə effekt vermir. Ardınca 4-cü variant dövriyyəyə girir, telefon xəttində problem olduğu deyilir. Lakin xətt dəyişilsə də, internetin sürətində dəyişiklik hiss olunmur. Ona görə də problemi modemdə, sprinter və kabeldə yox, məhz internet təchizatında da axtarmalı oluruq. 
 

“Wisevoter.com” saytı ən sürətli internetə sahib ölkələrin siyahısını açıqlayıb.  Göstəricilərə əsasən, Azərbaycan ən sürətli internetə sahib ölkələrin siyahısında 35.7 Mbps orta sürətlə 124-cü yerdə qərarlaşıb. Maraqlı məqam ondan ibarətdir ki, sıralamada Madaqaskar 119, Qvatemala 122, Honduras 123-cu yerdə qərarlaşıb.
 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50% artaraq 26.3 Mbps təşkil edib. 2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir.
 

Referans.az xəbər verir ki, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Cebhe.info-ya bildirib ki, ölkənin 50 faizi fiber optik internetə keçib: “Azərbaycan ümumi olaraq digər ölkələrlə müqayisədə internetə xeyli investisiya yatırıb. 



“Online Azərbaycan” layihəsi çərçivəsində ölkəmiz 2024-ci ilin sonuna qədər 25 mb/t sürəti hədəf götürüb. Həmçinin bu layihə çərçivəsində Bakı şəhəri və ətraf rayonlar fiber optik internetə keçid edib. 
 

Bu, o deməkdir ki, artıq hava şəraitindən asılı olmayaraq, internetin pisləşməsi qeyri- mümkündür. Daha öncə mis kabellərdən istifadə olunanda hava şəraiti problem yaradırdı. Amma fiber optik kabellər yerin altından keçir və onlara hava şəraiti təsir etmir. Yeraltı kabellər çəkildiyindən daha mis kabellerə ehtiyac da qalmır”. 
 

Elvin Abbasov bildirib ki, dünyada texnologiya sürətlə dəyişib:
 

“İnternet infrastrukturu da artıq dəyişib. Abonent gərək aldığı paketə diqqət etsin. Misal üçün, abonent asağı paketli  internetdən istifadə edir. Ailədə  5 - 6 nəfər varsa və hər kəs internetdən istifadə edirsə, buna  internetin gücü catmır. Həmçinin başqa problemlər də ola bilər. Tək internetlə əlaqələndirmək olmaz. Modemdə, kompüterdə problem və digər amillər də olar”. 

 
Onun sözlərinə görə, internetdən kütləvi şəkildə narazılıqlar çox azdır:
 
 

“Hazırda ölkəmizdə iki il öncə ilə müqayisədə internetdən kütləvi şəkildə narazılıq yoxdur. Narazılıqlar çox azdır. Amma burada əsas məsələ odur ki, bəzi vətəndaşlar problemi araşdırmadan internetdə problem olduğunu bildirirlər. Bəlkə də o problem ümümi, kütləvi deyil. Öz individual problemini ümümiləşdirərək araşdırmadan internetdə problemin olduğunu deyir. Nə internet paket amilini diqqətə alırlar, nə avadanlıq amilini”. 
 

Elvin Abbasov deyib ki, son aylar artıq internet problem ilə bağlı şikayətlər kütləvi şəkildə azalıb: 
 

“Artıq bir çox problemlər kütləvi yox, individualdır. Bunların əksəriyyətini də sosial şəbəkədən izləyib görə bilərik”. 

 
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də bildirib ki, ölkədə son illər internetin inkişafı ilə bağlı ciddi adımlar atılır.



“100 minlərlə insan artıq ADSL-dən intina edərək fiber optik internetə keçib. Normalda yüksək tendensiya baş verməsinı görmək əvəzinə, hərdən əksini görürük. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, adiyyəti qurumlar buna çox ciddi diqqət yetirsinlər ki, çoxsaylı şikayətlərin mənbəyi haradan və necə qaynaqlanır?
 

Əgər biz ADSL-dən intina edib fiber optik sürətinə keçid etmişiksə və bu sahədə problem varsa, deməli, bu problem provayderlə bağlı olur. Əvvəlki dövrlər olsaydı, texnologiya problemi demək olardı. Lakin fiber optik internetin sürətində problem varsa, bu, birbaşa provayderdə olan problemlərdən qaynaqlanır”.