İsrailin Qəzzada radikal HƏMAS hərəkatının hücumuna cavab olaraq başlatdığı hərbi əməliyyat üçüncü mərhələyə daxil olub.
Bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu hökumətin iclasında bildirib.
"Biz müharibənin ortasındayıq. Qarşımıza HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək məqsədi qoymuşuq. Biz bunu sistemli şəkildə edirik. İlkin bloklama mərhələsi tamamlandı. İkinci mərhələ davamlı olaraq hava hücumlarıdır. Üçüncü mərhələ isə Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir. IDF bunu ölçülü, çox güclü addımlarla, sistemli şəkildə edir", - o deyib.
Netanyahu əlavə edib ki, Qəzza zolağı daxilində quru əməliyyatlarına HƏMAS tərəfdarları tərəfindən saxlanılan girovların azad edilməsi səyləri də daxildir.
"Bu manevr hətta girovların azad edilməsi üçün imkanlar açır və biz bunu əldən verməyəcəyik. Bu vaxt aparacaq, gözlənilməz maneələr, çətinliklər və itkilər olacaq. Amma sonda sizə bir şey vəd edirəm, HƏMAS yıxılacaq, məğlub olacaq və başqa Qəzza olacaq”, - deyə o bildirib.
Baş nazir həmçinin qeyd edib ki, İsrail ordusu Livandan hücumların davam etdiyi şimal sərhədlərində yüksək döyüş hazırlığı vəziyyətindədir:
"Paralel olaraq, biz şimal cəbhəsi üzərində fəal işləyirik. "Hizbullah"a bir daha deyirəm, əməliyyata müdaxilə etmək qərarına gəlsəniz, həyatınızın səhvini edəcəksiniz. Təsəvvür etmədiyiniz bir zərbə alacaqsınız"./ Musavat.com