​Ev almaq istəyənlərə PİS XƏBƏR: Oktyabrın 1-dən sonra...

​Ev almaq istəyənlərə PİS XƏBƏR:
09:22 21.11.2023
195 Sosial
A- A+

Ölkədə vətəndaşların ən çox narazılığına səbəb olan məsələlərdən biri də əmlak bazarında qiymətlərin bahalığıdır.


Bu problem öz qloballığını bu günədək qoruyub saxlayıb. Mənzillərin qiymətinin hər il kəskin dərəcədə artması kirayə evlərin də qiymətinə təsirsiz ötüşməyib. Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2023-cü ilin 3-cü rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,8 faiz artıb. 

O cümlədən, indeks ilkin mənzil bazarı üzrə 1,8 faiz, təkrar mənzil bazarı üzrə 2,8 faiz yüksəlib. Qeyd edilib ki, mənzil bazarında qiymət indeksi 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin yanvarsentyabr aylarına nisbətən 10%, o cümlədən ilkin mənzil bazarı üzrə 8 faiz, təkrar mənzil bazarı üzrə 10 faiz artıb. 

Oktyabrın 1-dən tikintisi üçün icazə alınmayan evlərə kommunal xidmətlərin göstərilməməsi barədə qərar da ev bazarında vəziyyətə təsir edib.

Referans.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya müsahibəsində ev bazarındakı mövcud vəziyyətdən danışıb:


“Ev bazarında ucuzlaşmadan söz gedə bilməz. Hər ay qiymətlərdə nəinki ucuzlaşma, əksinə kəskin artım baş verib. Qiymətlərdəki bahalaşma daha çox Bakı, Abşeron ərazisində yerləşən evlərdə özünü göstərir”. 

Elnur Fərzəliyev qiymətlərin artmasında bir neçə səbəblər olduğunu qeyd edib:

“Əmlak bazarında bahalaşmanın ən böyük səbəblərindən biri tikinti üçün torpaq sahələrinin qalmamasıdır. Evlər daha çox köhnə binalar sökülərək pilot layihələr üzərində tikilir. Bunların hər biri qiymətlərin dəyişməsinə gətirib çıxarır. Qiymətlərin ucuzlaşması yanlız çıxarışı olmayan torpaq sahələrinin üzərində tikilən evlərə aiddir.

Bu qiymət enmələrinin əsas səbəbi oktyabrın 1-də qəbul edilən qərara əsasən çıxarışı olmayan torpaq sahələri üzərinə tikilən evlərə kommunikasiya xətlərinin çəkilməsinə qoyulan qadağa ilə bağlıdır”. 

Çıxarışı olmayan torpaq sahələri üzərinə tikilən evlərin qiymətinin ucuzlaşması çıxarışı olan torpaq sahəsi üzərinə tikilən evlərin qiymətində xüsusi artımların olmasına təsir göstərib. Ekspert bazarda aparılan monitorinqlər haqqında bunları deyib: 

“Monitorinqlər əmlak saytları üzərindən aparılır, bu saytlar vasitəsilə qiymətlərdə yaranan dəyişikliyi asanlıqla izləmək olur. Həmçinin şəhərin müəyyən ərazilərində işləyən əmlak bazarı iştirakçıları ilə mütəmadi olaraq əlaqə saxlayaraq bazardakı vəziyyətə hakim olmaq olur”.