​Ev tikmək üçün yeni qaydalar müəyyən edilib - Torpaq sahəsi alarkən diqqətli olun

​Ev tikmək üçün yeni qaydalar müəyyən edilib
15:32 22.11.2023
5773 Sosial
A- A+

Torpaq sahəsi alarkən yeni qaydaları nəzərə alaraq torpaq sahəsinin tikintiyə yararlı olub-olmamasına diqqət yetirmək lazımdır.

Sulh.info.az Trend-ə istiadən xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

 
 
O qeyd edib ki, ilk növbədə torpaq sahəsi tikinti təyinatlı olmalıdır.
 

“Torpaq sahəsi mütləq mülkiyyətdə olmalıdır. Yeni qaydalara əsasən, 1 və ya 1.5 sot torpaq sahəsində tikinti aparmaq mümkün olmayacaq. Çünki tikintinin sıxlıq əmsalı, normativ qayda var. O qaydalar tələb edir ki, tikinti torpaq sahəsinə adekvat olmalıdır. Misal üçün 200 kvadrat tikinti aparmaq istəyirsə, bu, torpaq sahəsinin ölçüsünə adekvat olmalıdır. Yəni 200 kvadrat tikinti üçün minimum 4-5 sot torpaq sahəsi olmalıdır. Fərdi yaşayış evlərinin tikintisində əmsallar təqribən 0.4 ətrafında dəyişir.

Yəni bu o deməkdir ki, sənin 100 (bir sot) kvadrat torpaq sahən varsa onun 40 kvadratında ev tikə bilərsən, 2 sot torpaq sahən varsa 80 kvadratında ev tikə bilərsən. Burada hətta torpağın konfiqurasiya məsələsi var. Misal üçün, tikintinin qonşu divarlarla ara məsafəsi gözlənilməlidir. Ola bilər ki, sizin 3 sot torpaq sahəniz var, amma onun konfiqurasiyası ara məsafəsi buraxmağa imkan vermir. Bu halda da tikinti aparmaq mümkün olmalıdır. Burada digər tələblər də var. Vətəndaş torpaq alarkən ekspertlərlə məsləhətləşməlidir”, - deyə R.Osmanlı bildirib.

Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.

Eyni zamanda, “Elektroenergetika haqqında” carin alin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.