İnsanın həyatda görüşmək istədiyi şəxsiyyətlər olur. Şairlər, yazıçılar, rəssəmlar, aktyorlar və hətta elə olur ki, bəzi hansısa adi bir insanla da görüşmək arzusunda olursan. Bəli, mən də uşaqlıq vaxtlarımdan Nəsimini, Babəki, Beyrəyi bizə sevdirən xalq artisti Rasim Balayevlə görüşmək sevgisi ilə yaşamışam. Bu tarixi şəxsiyyətlə görüşümə səbəb də Allahın izniylə "Allahı sevməyə gəldim" kitabı oldu. Rasim Balayevlə görüşümüz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında oldu. Onun iş otağına daxil olduğum dəqiqələrdən həyacanlı anlar yaşadım. Sanki bir yuxu idi...İllərlə canlı görmək istədiyim insanın qarşısında idim. Etiraf edim ki, əllərindən öpdüm. Azərbaycan kinosunun, Azərbaycan teatr aləminin mənimçün flaqman gəmisidir, Rasim Balayev. Şəxsi söhbətimiz haqqında yazmaq istəmirəm. Ancaq onu hiss etdim ki, Rasim Balayev çox sadə, təvazökar, imanlı bir insandı. İraqda Kərbəla şəhərində, Kufə şəhərində olduğundan danışdı. İmam Əlinin xəlifə olduğu vaxtlarda Kufə şəhərindəki kiçik evindən danışdı. Həzrət Əlinin (ə) bir kəlamı var: "Danış, deyim ki, kimsən". İnanın ki, Rasim müəllimin söhbətindən doya bilmirdim. Qınamayan olmasaydı saatlarla qarşısında oturub onu dinləmək istəyərdim. Əfsuslar olsun ki, onun iş rejimi buna imkan vermir. Sadəcə olaraq bunu demək istəyirəm, həqiqətən bəzi insanlar var ki, onlar Allahın seçilmiş bəndələridir. Azərbaycanın xalq artisti Rasim Balayev Allahın seçilmiş bəndələrindəndir. O, hər şeyə layiqdir. Sağlıgında dəyərli insanlara, hətta bir-birimizə qiymət vermək hər birimizin borcudur.
Allahdan Rasim Balayevə can sağlığı diləyirəm.
O, hər zaman bizə lazımdır...
Müşfiq Malik Muğanlı
şair-yazıçı, publisist
AYB-nin üzvü