"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində təcrübəsini öyrənib. Bu məqsədlə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 1-11 iyul tarixlərində 10 gün müddətinə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə ezam olunub.
Fariz Xəlilli əvvəlcə İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəni Sərvətlər Dairəsi İdarəsinin baş ofisində görüşlər keçirib. O, əvvəlcə idarə rəisinin müavini İrəm Nardərəli Bülbül ilə görüşüb. İrəm Nardərəli İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni irs sahəsində gördüyü işlərdən danışıb, bu sahədə “İBB MİRAS” adını brendləşdirdiklərini, bütün araşdırma, qoruma və təbliğat işlərini bu brend ilə həyata keçirdiklərini bildirib. İstanbul Böyükşəhər Bələdiyyəsinin 63 tarixi abidə, 7 sənaye irsi, 19 tarixi türbə, 6 su anbarı və buzxana, 197 tarixi bulaq, 588 tarixi məzarlıq və qəbirlər, 35 muzey və sərgi məkanı, 4 arxeopark, 34 ictimai incəsənət əsərini qoruduğunu və işlətdiyini qeyd edib. Mədəni Sərvətlər Dairəsi İdarəsi dörd şöbədən - Qoruma, tətbiqetmə və nəzarət şöbəsi, Mədəni sərvətlər layihələri şöbəsi, Mədəni irsin qorunması şöbəsi, Kitabxana və muzeylər şöbəsindən ibarətdir. İrəm Nardərəli qanun, qərar, təlimatlarla yanaşı, indiyə qədər görülmüş inventar və sənədləşdirmə işləri ilə layihə rəhbərini tanış edib.
Fariz Xəlilli İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəni Sərvətlər Dairəsi İdarəsi Qoruma, tətbiqetmə və nəzarət şöbəsinin müdir müavini Hazal Özləm Eruş ilə görüşərək KUDEB-lərin fəaliyyəti ilə maraqlanıb. Hazal Özləm Eruş KUDEB-lərin 11 iyun 2005-ci il tarixli "Qoruma, tətbiqetmə və nəzarət büroları, Layihə büroları və Təhsil mərkəzlərinin yaradılması, icazəsi, iş qaydaları və prinsipləri haqqında Əsasnamə"nin müddəaları çərçivəsində fəaliyyət göstərdiyini qeyd edib. İstanbul Böyükşəhər Bələdiyyəsinin Qoruma, tətbiqetmə və nəzarət şöbəsi bələdiyyənin 13 iyul 2006-cı il tarixli 1323 saylı qərarı ilə yaradılıb. KUDEB-lərin əməkdaşları arxeoloq, mühəndis, memar, kimyaçı, bioloq, geoloq kimi ixtisaslı şəxslərdir. KUDEB-in daş və birləşdirici məhlulları analiz edən və hesabat hazırlayan laboratoriyası var. Hazal Özləm Eruş Fariz Xəlillini həmin laboratoriya ilə tanış edib. O, materialların qəbulundan analizlərin bütün mərhələlərinin həyata keçirildiyi cihazlarına qədər proseslə tanış edilib. İstanbul Böyükşəhər Bələdiyyəsinin KUDEB Laboratoriyası nəinki bələdiyyəyə, Türkiyənin istənilən yerinə, dünyaya analiz xidmətləri göstərir. KUDEB rəhbərlərindən Ərgün Çağıran hesabat sektorunun digər əməkdaşları ilə KUDEB-in hazırladığı hesabatlarla Fariz Xəlillini tanış edib. KUDEB beynəlxalq konfranslar, simpozium və seminarlar da keçirir. Həmin beynəlxalq konfransların materialları, laboratoriya və emalatxanalar haqqında nəşrlər Fariz Xəlilliyə hədiyyə edilib.
Fariz Xəlilli İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəni Sərvətlər Dairəsi İdarəsi Mədəni irsin qorunması şöbəsinin müdiri Hülya Kök ilə görüşərək mədəni irsin inventarlaşdırılması sahəsində görülən işlərlə maraqlanıb. Hülya Kök bələdiyyənin inventar layihəsinin ölkədə inventarlaşdırma sahəsində cığır açdığını və rəqəmsal ortama tətbiqində mühüm addımlar atıldığını bildirib. O, şöbənin əsasnaməsini və çoxsaylı nəşrləri Miras İctimai Birliyinə hədiyyə edib. Müdir müavini Arzu Çətin və mütəxəssis Yeliz Can İstanbul şəhərində aparılan inventar işləri haqqında təqdimat ediblər. Yeliz Can 35000 qeydiyyata alınmış, 3500 yeni aşkar olunmuş mədəni irs abidəsini araşdırdıqlarını, hazırki vəziyyətini müəyyən edərək inventarlaşdırdıqlarını, elektronlaşdırdıqlarını nümunələrlə göstərib. Bələdiyyənin bu işi davamlı gördüyünü və başqa yerlərə dəstək verdiklərini də bildirib. Həm təqdimat, həm də digər sənədlər Fariz Xəlilliyə layihədə istifadə etmək üçün verilib.
Fariz Xəlilli İstanbul Böyükşəhər Bələdiyyəsi Qoruma, Tətbiqetmə və Nəzarət Bürosunun Ağac emalatxanası ilə tanış olub. Baş usta Özer Akgün emalatxananın İstanbulun tarixi ağac abidələrinin, materiallarının bərpasında yaxından iştirak etdiyini bildirib. Ağac binalar, qapılar, pəncərələr, aksesuarlar ya yerindəcə, ya da emalatxanada işlənərək yenidən həyata qazandırılır. O, bərpa ilə yanaşı, tarixi abidələrə uyğun yeni ağac məhsullar da hazırladıqlarını qeyd edib. Emalatxanada universitet və kollec tələbələri təcrübə keçir və tarixi əsərlərin bərpasında könüllü kimi iştirak edirlər. Özer Akgün kündəkari texnikasından danışdıqdan sonra Fariz Xəlilli Azərbaycanın şəbəkə texnikası haqqında da məlumat verib. Maraqlıdır ki, İstanbul Böyükşəhər Bələdiyyəsi problemin akademik həlli üçün “Ağac konstruksiyalarda qoruma və təmir simpoziumu”nu davamlı olaraq keçirib. Simpoziumun materialları kitabları Fariz Xəlilliyə hədiyyə olunub.
Fariz Xəlilli İstanbul Böyükşəhər Bələdiyyəsi Belqradqapı qala divarları ziyarətçi mərkəzində bərpaçı Cem Akbulutla görüşərək qala divarlarının bərpası ilə tanış olub. Cem Akbulut qala divarlarının bərpasının fasiləsiz davam etdiyini, qala divarlarının bayır və iç hissələrinin bərpası ilə yanaşı, divarların yad materiallardan və konstruksiyalardan azad edildiyini bildirib. Üzə çıxan qrunt sularının qarşısının alınmasına çalışdıqlarını, əvvəlki ziyanlı bərpaların nəticələrini aradan qaldırmaq üçün araşdırmaların aparıldığını vurğulayıb. İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus mədəni irs sahələrində hər ay imitasiya olunmuş arxeoloji qazıntı təşkil etdiklərini, uşaqların arxeologiya, mədəni irsin qorunması və bərpası ilə kiçik yaşdan tanış olmaları üçün proqramlar həyata keçirdiklərini qeyd edib.
Fariz Xəlilli İstanbul Böyükşəhər Bələdiyyəsi Kitabxana və muzeylər şöbəsinin müdir müavini arxeoloq Kərim Altuğ ilə görüşərək bələdiyyə muzey və kitabxanalarının qurulması, onların işlədilməsi və sənədləşdirilməsi istiqamətində müzakirələr aparıb. Kərim Altuğ qanun, qərar və təlimatlar haqqında məlumat verib. O, görüşün sonunda İstanbul şəhərinin antik və ilk orta əsrlər arxeologiyasını əks etdirən “Yeraltındakı İstanbul” kitabını hədiyyə edib.
Fariz Xəlilli İstanbul Böyükşəhər Bələdiyyəsi Atatürk Kitablığının direktoru Osman Ocakla görüşərək bələdiyyə kitabxanalarının iş mexanizmləri ilə tanış olub. Osman Ocak son illərdə bələdiyyənin tarixi abidələri bərpa edərək kitabxana kimi fəaliyyətə açdığını bildirib. Trolleybus elektrik güc mərkəzi əvvəllər bir sənaye müəssisəsi olduğu halda hazırda 13000 kitablı kitabxanadır. Qazxana da bir sənaye müəssisəsi kimi bərpa edilərək muzeyə çevrildikdən sonra içərisindəki bölmələrdən biri kitabxana kimi fəaliyyət göstərir. Osman Ocak Fariz Xəlillinin kitabxanadan isitfadəsinə şərait yaradaraq onu maraqlandıran mədəni irsin qorunması ilə bağlı kitabları pdf. formata köçürərək hədiyyə edib. Fariz Xəlilli yenicə açılışı edilən Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus Cümhuriyyət Muzeyini ziyarət edib.
Fariz Xəlilli Türkiyə Müdafiə Nazirliyi Hərbiyyə Əskəri Muzeyi və Mədəniyyət Bölgəsi Komandanlığında muzeyin direktoru Ərkan Sönməzlə görüşərək muzey ekspozisiyası haqqında məlumat alıb. Muzeydə qorunan Azərbaycana məxsus Şirvanşahlar, Ağqoyunlular və Səfəvilər dövlətlərinə aid hərbi eksponatlar, Nuri paşanın zavodunda istehsal olunan silahlar maraq doğurub. Fariz Xəlilli həmin eksponatlarla bağlı tarixi bilgilər də verib. Ekspozisiya ən qədim türk dövlətlərindən müasir türk dövlətlərinə qədər hərb tarixini nümayiş etdirir. Ərkan Sönməz 44 günlük Vətən müharibəsi ilə əlaqədar sərgi etmək istədiklərini, Azərbaycanın bəzi qurumları ilə danışıqlar aparıldığını bildirib. Sonra muzeyin mehtər qrupu hərbi marşlar göstərib, proqramla çıxış edib. Qrup Azərbaycan marşlarından ibarət kompozisiya da təqdim edib.
Fariz Xəlilli İstanbul Böyükşəhər Bələdiyyəsi mədəni irs obyektlərindən olan Art İstanbul Feshane mədəniyyət mərkəzində mərkəzin direktoru Bahar Çelik Ömürlə görüşərək Feshanenin fəaliyyəti ilə tanış olub. Feshane Osmanlı dövlətində kişilərin baş geyimi olan fəsin istehsal olunduğu fabrikdir. İstanbul Böyükşəhər Bələdiyyəsi uzun müddət istifadəsiz qalan bu sənaye müəssisəsini də bərpa edərək iki ayrı sərgi salonuna və kitabxanaya çevirib. Fabrikin XIX əsr Belçika istehsalı olan bütün konstruksiyaları olduğu kimi saxlanılıb. Hazırda birinci salonda dünyanın müxtəlif müasir incəsənət nümayəndələrinin “Dinamik göz: Optik və kinetik incəsənətin fövqündə” sərgisi, ikinci salonda isə xəttat Emin Barının (1913-1987) “Nə səndən rüku, nə məndən qiyam” xəttatlıq sərgisi nümayiş olunur. Feshane kitabxanası isə məşhur türk rəssamı Nailə Akıncının (1923-2014) adını daşıyır. Kitabxanada türk rəssamı Balkan Naci İslimyeli (1947-2022), türk incənət tənqidçisi Beral Madra (1942), kolleksiyaçı Haluk Gökçebay (1951), türk rəssamı Komet (1941-2022), professor Münir Ekonomi və Nailə Akıncının arxiv və kitab kolleksiyası toplanılıb. Bahar Çelik Ömür Feshanenin məhv olmuş ikinci binasının fotolar əsasında yenidən inşa olunduğunu və muzeyin sahəsinin genişlənəcəyi haqqında məlumat verib.
Fariz Xəlilli arxeoloq Əskər Ülkərin təqdimatı ilə Müqəddəs Polyeukt Kilsəsində aparılan arxeoloji qazıntılarla tanış olub. Əskər Ülkər arxeoloji qazıntıların İstanbul Böyükşəhər Bələdiyyəsinin büdcəsi hesabına maliyyələşdirildiyini, qazıntılarda bələdiyyədə işləyən arxeoloq və memarların yaxından iştirak etdiyini bildirib. Bələdiyyə "açıq qazıntı sahəsi" proqramı tərtib edərək İstanbul sakinlərini aparılan qazıntılarla tanış edir və məktəblilərə imitasiya olunmuş qazıntı sahələrində açıq dərslər keçirir. Qazıntılar başa çatdıqdan sonra Müqəddəs Polyeukt Kilsəsi arxeopark kimi turistlərə açılacaq.
Fariz Xəlilli Böyükşəhər Bələdiyyəsi mədəni irs obyektlərini – Tarixi Hasanpaşa Gazhanesi Muzeyi, Karikatura və Yumor Muzeyi, Haliç İncəsənət mərkəzləri, Kasa Potter İncəsənət Mərkəzi, Mövlanəqapı qala divarları hissəsi və digər abidələri ziyarət edib, İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni irs sahəsində gördüyü işləri yerindəcə müşahidə edib.
Fariz Xəlillinin mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində Türkiyə bələdiyyələrinin təcrübəsini öyrənmək üçün görüşləri Ankara Böyükşəhər Bələdiyyəsi ilə davam edəcəkdir.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində bir dünya əhəmiyyətli, bir ölkə əhəmiyyətli və bir yeni aşkar olunan tarix-mədəniyyət abidəsi olan bir şəhər (Şamaxı şəhəri), bir qəsəbə (Basqal qəsəbəsi) və bir kənd (Gəgəli kəndi) bələdiyyəsini pilot götürərək Türkiyə və beynəlxalq təcrübə öyrəniləcək, araşdırma və təlimat kitabları hazırlanacaq, bələdiyyə üzvlərinə təlimlər keçiləcək. Layihə həm mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə yenilik gətirməklə birlikdə bələdiyyələrin prosesə inteqrasiyasını da gücləndirəcək.